Prezident İlham Əliyev Ağdərə rayonunda bərpa işləri və enerji layihələri ilə tanış olub

Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunda Çapar, Heyvalı və digər kəndlərdə bərpa işləri, “Qozlukörpü” SES və “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub.

31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonuna səfəri çərçivəsində bir sıra kəndlərdə görülən bərpa-quruculuq işləri, sosial infrastruktur layihələri və enerji obyektlərinin fəaliyyəti ilə tanış olub. Dövlətimizin başçısı Çapar, Heyvalı, Çıldıran, Aşağı Oratağ kəndlərində aparılan işlərə baxıb, həmçinin Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə maraqlanıb.

Prezident İlham Əliyev əvvəlcə Çapar kəndində görülmüş işlərlə tanış olub. Bildirilib ki, 2023-cü il antiterror əməliyyatı nəticəsində işğaldan azad edilən kənddə yaşayış evlərinin bərpası, yol, elektrik, qaz, su və rabitə infrastrukturu yenilənib. Artıq 26 ailə kəndə qayıdıb. Dövlət başçısı köçkün ailələrdən birinin evində olaraq yaşayış şəraiti ilə maraqlanıb.

Daha sonra Prezident İlham Əliyev Ağdərə rayonunun Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Gücü 14,7 meqavat olan stansiya Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi strategiyası çərçivəsində inşa edilib və ildə orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. Layihə ekoloji standartlara uyğun şəkildə həyata keçirilib.

Dövlətimizin başçısı Heyvalı kəndində də görülən bərpa işləri ilə tanış olub. Burada artıq onlarla ev bərpa edilib, infrastruktur yenilənib və ailələrin mərhələli şəkildə geri qayıdışı təmin olunub. Prezident kənd sakinlərindən birinin evinə baş çəkərək yaradılan şəraitlə maraqlanıb.

Səfər çərçivəsində Prezident İlham Əliyev Çıldıran və Aşağı Oratağ kəndlərində aparılan bərpa-quruculuq işləri, eləcə də Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub. Qeyd edilib ki, regionda həyata keçirilən bu layihələr Ağdərənin sosial-iqtisadi dirçəlişinə, məşğulluğun artırılmasına və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.