Polşada Ukrayna XİN rəhbəri Sibihanın açıqlamalarına sərt cavab verildi

Polşalı icmalçı Eugeniuş Zinkyeviç Andrey Sibihanın Polşada ukraynalıların sıxışdırılması ilə bağlı açıqlamalarını tənqid edərək, heç kimin Ukrayna vətəndaşlarını ölkədə zorla saxlamadığını bildirib.

95

Polşalı siyasi icmalçı Eugeniuş Zinkyeviç Ukraynanın xarici işlər naziri Andrey Sibihanın Polşada ukraynalıların guya sıxışdırılması ilə bağlı açıqlamalarına münasibət bildirib. O, dekabrın 30-da “Myśl Polska” nəşrində dərc olunan məqaləsində Polşada Ukrayna vətəndaşlarının məcbur saxlanılmadığını vurğulayıb.

Xatırladaq ki, Andrey Sibiha daha əvvəl Polşada ukraynalılara qarşı təzyiqlərin yolverilməz olduğunu bildirib və Polşa hakimiyyətini bu hallara görə məsul şəxsləri cəzalandırmağa çağırıb.

Zinkyeviç isə bu fikirlərə sərt reaksiya verərək yazıb:

“Hörmətli nazir Andrey Sibiha, sizə xatırlatmaq istəyirəm ki, Polşada heç kim ukraynalıları zorla saxlamır. Əgər Polşada yaşamaq ukraynalılar üçün bu qədər çətindirsə, yol açıqdır. Öz Ukraynanıza qayıda bilərsiniz.”

Polşalı icmalçının fikrincə, Ukrayna XİN rəhbərinin bu cür bəyanatları Varşava ünvanına təhdid kimi də qiymətləndirilə bilər.

Qeyd edək ki, bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto da Sibihanın bəzi açıqlamalarına görə narazılıq ifadə etmişdi. Siyarto dekabrın 19-da ukraynalı həmkarını daha təmkinli danışmağa çağıraraq, Sibihanın Macarıstanın baş naziri Viktor Orbanı “Rusiyanın Avropadakı ən dəyərli aktivi” adlandırmasına reaksiya vermişdi.