Polşa əhalini mümkün hava hücumlarına hazırlayır

Polşa Daxili İşlər və Administrasiya Nazirliyi mümkün hava hücumları zamanı əhalinin necə davranmalı olduğunu izah edən 12 səhifəlik xüsusi təlimat hazırlayıb. Kitabçada sığınacaq, xəbərdarlıq siqnalları və təhlükəsiz davranış qaydaları yer alıb.

13

Polşa hakimiyyəti mümkün hava hücumları zamanı əhalinin necə davranmalı olduğunu izah edən 12 səhifəlik xüsusi təlimat hazırlayıb. Sənəddə xəbərdarlıq siqnalı alındıqdan sonra təhlükəsiz yerin müəyyənləşdirilməsi, sığınacaq seçilməsi və müxtəlif şəraitdə davranış qaydaları izah olunur.

MSNews.az xəbər verir ki, bu barədə “TVP Info” məlumat yayıb. Polşa Daxili İşlər və Administrasiya Nazirliyinin hazırladığı təlimat sentyabrın 25-dən etibarən hökumətin internet resurslarında yayımlanacaq və voyevodalıqlar vasitəsilə ölkənin bütün yerli özünüidarəetmə qurumlarına çatdırılacaq.

12 səhifəlik kitabçada sakinlərə təhlükə yaranmamışdan əvvəl ən yaxın sığınacaq və müvəqqəti qorunma məntəqələrinin yerini öyrənmək, ora gedən marşrutu əvvəlcədən müəyyənləşdirmək və hava hücumu xəbərdarlıq siqnallarını tanımaq tövsiyə olunur.

Təlimat həm açıq ərazidə, həm də bina daxilində hava hücumu təhlükəsi ilə üzləşən şəxslər üçün davranış qaydalarını əhatə edir. Sənəd gələcəkdə Polşanın “mObywatel” dövlət mobil tətbiqində də yerləşdiriləcək.

Polşa rəsmiləri vurğulayırlar ki, yeni sənəd daha əvvəl bütün ev təsərrüfatları üçün hazırlanmış geniş “Təhlükəsizlik Bələdçisi”ni əvəz etmir, onu tamamlayır. Həmin bələdçi müharibə ilə yanaşı, təbii fəlakətlər, elektrik kəsintiləri, terror təhlükələri və digər böhran vəziyyətlərində davranış qaydalarını da əhatə edir.

Yeni təlimat Polşanın Ukraynadakı müharibə fonunda hava təhlükəsizliyi tədbirlərini gücləndirdiyi bir dövrdə hazırlanıb. Sentyabrın 24-də Rusiyanın Ukraynanın qərb bölgələrinə zərbələri zamanı Polşa hərbi aviasiyası havaya qaldırılıb, sərhədə yaxın bəzi rayonların sakinlərinə xəbərdarlıq mesajları göndərilib.