Pezeşkiyanın istefa ərizəsi verdiyi iddia olunur

“Iran International” mənbələrə istinadən İran Prezidenti Məsud Pezeşkiyanın istefa ərizəsi təqdim etdiyini yazıb. İddialara görə, buna SEPAH komandirlərinin dövlət idarəçiliyində təsirinin artması səbəb olub, lakin məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

15

İran Prezidenti Məsud Pezeşkiyanın istefa ərizəsi təqdim etdiyi iddia olunur.

MSNews.az xəbər verir ki, “Iran International” mənbəyə istinadən Pezeşkiyanın İranın ali rəhbərinin ofisinə rəsmi istefa məktubu göndərdiyini yazıb. Nəşrin məlumatına görə, məktubda prezident hökumətin ölkənin əsas və həyati qərarvermə proseslərindən faktiki olaraq kənarlaşdırıldığını, yaranan boşluqdan isə İslam İnqilabı Keşikçiləri Korpusunun — SEPAH-ın sərt xətt tərəfdarı komandirlərinin istifadə etdiyini bildirib.

Məlumata əsasən, Pezeşkiyan belə şəraitdə hökuməti idarə etmək və konstitusion səlahiyyətlərini yerinə yetirmək imkanının qalmadığını qeyd edərək vəzifədən dərhal getmək istədiyini bildirib. “Iran International” yazır ki, məktubun qəbul edilib-edilməyəcəyi hələlik məlum deyil.

The Times of Israel” də “Iran International”a istinadən Pezeşkiyanın istefa məktubunda SEPAH komandirlərinin ölkə idarəçiliyi üzərində tam nəzarət qurmasından narahatlıq ifadə etdiyini yazıb. Nəşrin məlumatında qeyd olunur ki, prezident administrasiyasının əsas qərarvermə proseslərindən təcrid edildiyi iddia olunur.

Bununla belə, Pezeşkiyanın istefa verməsi ilə bağlı məlumat hələlik İranın rəsmi dövlət qurumları tərəfindən təsdiqlənməyib. İran Prezident Administrasiyası, hökumət və ali rəhbərin ofisi məsələ ilə bağlı açıq rəsmi bəyanat yaymayıb. Bu səbəbdən məlumat hazırda yalnız media iddiası kimi qiymətləndirilir.

İddia İran daxilində siyasi və təhlükəsizlik strukturları arasında gərginliyin artdığı bir dövrdə gündəmə gəlib. “Reuters” bir neçə gün əvvəl İran dövlət mediasına istinadən yazmışdı ki, Pezeşkiyan ölkədə uzunmüddətli internet məhdudiyyətlərindən sonra beynəlxalq internetə çıxışın bərpası barədə göstəriş verib. Bu qərar İran daxilində həm ictimai narazılıq, həm də sərt xətt tərəfdarları ilə hökumət arasında fikir ayrılıqları fonunda müzakirə olunurdu.

The Guardian” isə internet məhdudiyyətlərinin qismən yumşaldılmasından sonra İran cəmiyyətində ərzaq qiymətlərinin kəskin artması və inflyasiya ilə bağlı narazılıqların daha açıq görünməyə başladığını yazıb. Nəşrin məlumatına görə, iqtisadi problemlər, yüksək qiymətlər və siyasi təzyiqlər Pezəşkiyan hökumətinin manevr imkanlarını daraldan əsas amillərdən biri kimi qiymətləndirilir.

Prezidentin rəsmi saytında mayın 18-də dərc olunan çıxışında Pezeşkiyan İranın xarici təzyiqlərə boyun əyməyəcəyini, lakin diplomatiyanın “məntiq, xalq dəstəyi və milli ləyaqət” əsasında aparılmalı olduğunu bildirib. Yayılan məlumatda onun ölkədə iqtisadi çətinlikləri, inflyasiya və müharibə şəraitinə bənzər təzyiqləri etiraf etdiyi, eyni zamanda idarəetmədə dürüstlük və ictimai iştirakın vacibliyini vurğuladığı qeyd olunub.

Son aylarda Pezeşkiyan administrasiyası ilə İranın sərt xətt tərəfdarı dairələri arasında gərginliyin artması barədə bir sıra məlumatlar yayılıb. “Iran International” əvvəlki materiallarında SEPAH-a bağlı media və siyasi qrupların prezidentin bəzi qərarlarını, xüsusilə internet məhdudiyyətlərinin yumşaldılması və diplomatik xətt üzrə təşəbbüslərini tənqid etdiyini yazmışdı.

İran siyasi sistemində prezident mühüm icra səlahiyyətlərinə malik olsa da, əsas strateji qərarlar ali rəhbər, Təhlükəsizlik Şurası, məhkəmə sistemi və SEPAH kimi güc mərkəzlərinin təsiri altında formalaşır. Buna görə Pezeşkiyanın mümkün istefa iddiası yalnız şəxsi siyasi qərar kimi deyil, İran daxilində hakimiyyət mərkəzləri arasında münasibətlərin gərginləşməsi fonunda qiymətləndirilir.

Hazırda əsas sual iddia edilən məktubun ali rəhbərlik tərəfindən qəbul edilib-edilməyəcəyi və rəsmi Tehranın məsələ ilə bağlı hansı açıqlama verəcəyidir. Rəsmi təsdiq olmadığı üçün Pezeşkiyanın istefa verdiyini demək hələlik mümkün deyil.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.