“PepsiCo” qiymət endirimləri ilə gözləntiləri üstələdi

"PepsiCo" qiymət endirimləri və brend yenilənməsi hesabına ilk rübdə "Wall Street" proqnozlarını üstələyib. Şirkət eyni zamanda İran müharibəsinin xərc riskləri barədə xəbərdarlıq edib.

24

“PepsiCo” ABŞ bazarında duzlu qəlyanaltılar üzrə qiymət endirimləri və brend yenilənməsi strategiyası sayəsində 2026-cı ilin ilk rübündə “Wall Street” proqnozlarını üstələyib.

“Reuters”-in məlumatına görə, şirkətin “Lay’s”“Doritos” kimi markalarda apardığı endirimlər, eləcə də diet qazlı içkilərə davamlı tələbat nəticələrin yaxşılaşmasına dəstək verib.

Şirkət fevral ayında “Lay’s” və “Doritos” daxil olmaqla bəzi məhsullarda qiymətləri 15 faizə qədər aşağı salıb. Bu addım Şimali Amerika qida bölməsində ən azı bir ildən sonra ilk həcm artımını təmin edib. Həmin seqment son illərdə həm daha ucuz alternativlərə keçid, həm də daha sağlam məhsullara yönələn istehlakçı davranışı səbəbindən təzyiq altında idi.

“PepsiCo”-nun maliyyə göstəriciləri də bazar gözləntilərini üstələyib. Şirkət ilk rübdə gəlirlərinin 8,5 faiz artaraq 19,44 milyard dollara çatdığını açıqlayıb. Bu rəqəm analitiklərin 18,94 milyard dollarlıq proqnozundan yüksək olub. Səhm üzrə düzəldilmiş mənfəət isə 1,61 dollar təşkil edib ki, bu da 1,55 dollarlıq gözləntini geridə qoyub.

“PepsiCo” bütün qeyri-müəyyənliklərə baxmayaraq illik hədəflərini dəyişməyib. Şirkət 2026-cı ildə üzvi gəlirin 2-4 faiz, sabit məzənnə ilə əsas səhm mənfəətinin isə 4-6 faiz artacağını gözlədiyini yenidən təsdiqləyib. Eyni zamanda, rəhbərlik İran müharibəsi fonunda enerji və qablaşdırma xərclərinin arta biləcəyi barədə xəbərdarlıq edib. “Reuters” yazır ki, xüsusilə, içkilərin qablaşdırılmasında istifadə olunan PET qatranının bahalaşması əlavə risk yaradır.

Şirkətin maliyyə direktoru Stiv Şmitt yaxın perspektivdə hedcinq mexanizmlərinin müəyyən qoruma yaradacağını bildirsə də, qiymət artımını tam istisna etməyib. Bununla belə, rəhbərlik vurğulayıb ki, qiymətləri yenidən qaldırmaq son variant kimi nəzərdən keçirilir.

“PepsiCo” paralel olaraq brend yenilənməsini də sürətləndirir. Şirkət “Gatorade” markasının yenilənmiş versiyasını təqdim etdiyini, o cümlədən aşağı şəkərli yeni formulalara keçdiyini açıqlayıb. Bu addım daha sağlam seçimlərə üstünlük verən istehlakçıların artması fonunda atılıb. Şirkət ötən il də “Lay’s” markasını süni dadlandırıcıların olmamasını vurğulayan yeni mövqelənmə ilə yeniləmişdi.

Səhmlər açıqlamadan sonra ilkin ticarətdə təxminən 1 faiz bahalaşıb. Bazar reaksiyası göstərir ki, investorlar qiymət endirimləri ilə innovasiya strategiyasının ən azı qısamüddətli mərhələdə nəticə verdiyini düşünür.