Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 17-də parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı müxalifəti sərt tənqid edib və onu regionda sülh gündəliyini pozmağa çalışmaqda ittiham edib. Ermənistan mediasına istinadən yayılan məlumatlarda Paşinyanın keçmiş hakimiyyət təmsilçilərini “üçbaşlı müharibə partiyası” adlandırdığı və onların əsas məqsədinin sülh prosesini yenidən nəzərdən keçirmək olduğunu dediyi bildirilir.
Paşinyan çıxışında müxalifətin sülh şərtlərini “təkmilləşdirmək” adı altında faktiki olaraq yeni risklər yaratdığını bildirib. O vurğulayıb ki, şərtlərin yenidən nəzərdən keçirilməsi onların mütləq yaxşılaşacağı anlamına gəlmir və bu yanaşma Ermənistanı yenidən təhlükəli ssenarilərə sürükləyə bilər.
Paşinyanın ritorikasında “müharibə partiyası” ifadəsi yeni deyil. Martın sonunda “Armenpress” onun əsas müxalif qüvvələri “tripartite war party” adlandırdığını və onları “kinli yalanlar” yaymaqda ittiham etdiyini yazmışdı. “OC Media” da son təhlilində qeyd edir ki, Paşinyan seçkiöncəsi mübarizəni getdikcə daha açıq şəkildə “sülh və ya müharibə” seçimi kimi çərçivələndirir.