Overçuk: “Ermənistanın Rusiya ilə hava əlaqəsi kəsilə bilər”

Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan Aİ-yə daxil olarsa, Moskva ilə hava əlaqəsi qalmaya bilər. Açıqlama Ermənistanın Avropa kursu ilə Rusiya arasında artan gərginlik fonunda səslənib. 

102

Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan gələcəkdə Avropa İttifaqına qoşularsa, bu, Moskva ilə əlaqələrə, o cümlədən hava nəqliyyatına ciddi təsir göstərə bilər. Rusiyaya yaxın və regional media orqanlarının yaydığı sitata görə, Overçuk deyib ki, hazırda Aİ ölkələri ilə hava əlaqəsi yoxdur və Ermənistan bu bloka daxil olarsa, onunla da hava əlaqəsi qalmaya bilər.

Overçuk eyni müsahibə silsiləsində Ermənistan vətəndaşlarının Aİ-yə yaxınlaşmanın “potensial nəticələrini” anlamalı olduqlarını da bildirib. Onun əvvəlki açıqlamalarında da Ermənistanın Aİ kursunun Rusiya ilə iqtisadi münasibətlərin yenidən nəzərdən keçirilməsinə səbəb ola biləcəyi, eləcə də, Avropa və Rusiya hava məkanı ayrılığı fonunda mülki aviasiya və sərhədlərarası yükdaşımada problemlər yarada biləcəyi vurğulanmışdı.

Bu açıqlama Moskva ilə İrəvan arasında artan geosiyasi gərginlik fonunda verilib. “Associated Press“-in məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Nikol Paşinyanla görüşdə Ermənistanın eyni vaxtda həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqında ola bilməyəcəyini açıq deyib. Paşinyan da bunun çətinliyini qəbul edib, amma hələlik Aİ ilə yaxınlaşmanı Aİİ üzvlüyü ilə paralel aparmağa çalışdıqlarını bildirib.

Ermənistanın Aİ xətti hüquqi baxımdan artıq formalaşdırılıb. Ermənistan prezidenti Vaahagn Xaçaturyan ölkənin Aİ-yə doğru irəliləməsi üçün hüquqi baza yaradan qanunu imzalayıb. Bununla belə, həmin vaxt da İrəvan bu prosesin uzun olacağını və yekun qərar üçün referendum lazım gələcəyini bildirirdi.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930