“Ölülər Günü” nədir?

Latın Amerikasında, xüsusilə Meksikada qeyd olunan “Ölülər Günü” bayramının mənşəyi, adət-ənənələri və fəlsəfəsi. Asteklərdən YUNESKO siyahısına qədər uzanan tarixi.

46

“Ölülər Günü” Latın Amerikasında, xüsusilə Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunan, məqsədi vəfat etmiş insanları yad etmək olan ənənəvi bayramdır. İspanca “Día de Muertos” adlanan bu bayram müasir dövrdə hər il noyabrın 1 və 2-də keçirilir. Ənənəyə əsasən, noyabrın 1-i vəfat etmiş uşaqların, noyabrın 2-si isə böyüklərin və yaşlıların xatirəsinə həsr olunur.

Bu bayramın kökləri Latın Amerikasının ispanlardan əvvəlki tarixinə, xüsusilə astek sivilizasiyasına gedib çıxır. Qədim asteklər üçün ölüm həyatın sonu deyil, onun davamı hesab edilirdi. Həmin dövrdə bayramın əsas simvolu ölülər aləminin hökmdarı sayılan Miktlantekuli idi. Asteklər bu mərasimi adətən iyul–avqust aylarında keçirirdilər. Lakin ispanların bölgəyə gəlişindən sonra xristian inancları ilə uyğunlaşdırılaraq bayram noyabr ayına salınıb.

Hellouinlə tez-tez müqayisə edilsə də, “Ölülər Günü” qorxu yaratmaq məqsədi daşımır. Burada istifadə olunan skelet fiqurları ölümün özünü deyil, xatırlanmağı simvolizə edir. İnanclara görə insan yalnız unudulduğu zaman həqiqətən ölür və bu bayramın əsas fəlsəfəsi də ölənlərin yaddaşlardan silinməməsidir.

Bu məqsədlə ölən insanların sevdiyi əşyalar, qoxular və yeməklərlə bəzədilmiş qurbangahlar qurulur, şəkərdən hazırlanmış kəllələr və müxtəlif dekorativ fiqurlar istifadə olunur. İnsanlar ölüyə bənzər makiyaj edir, mifoloji və nağıl qəhrəmanlarının kostyumlarını geyinərək küçələrdə rəngarəng karnavallarda iştirak edirlər. Hətta qəbirstanlıqlara edilən ziyarətlər belə klassik yas mərasimindən çox, şən və musiqili xatırlama formasında keçirilir.

İnanca görə, həmin günlərdə ölülərin ruhları dünyaya qayıdır və yaxınlarının sevincini hiss edir. Elə bu səbəbdən qəbirlərin üzərinə məxmər güllərinin ləçəkləri səpilir və mərasimlər kədərdən çox həyatsevərlik üzərində qurulur. Bu unikal mədəni irs 2008-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahıya daxil edilib.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.