Nyu-Yorkda “Tramp marşrutu” müzakirə olundu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda keçirilən tədbirdə TRIPP layihəsinin regional nəqliyyat, enerji əməkdaşlığı və davamlı sülh baxımından əhəmiyyətindən danışıb.

8

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda keçirilən beynəlxalq tədbirdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin regional nəqliyyat əlaqələrinin inkişafı və uzunmüddətli sülhün möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

MSNews.az xəbər verir ki, nazir bu barədə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ hökumətinin təşkil etdiyi “Sülh yolu ilə rifah: Transxəzər ticarət marşrutuna və TRIPP-ə investisiyalar” adlı tədbirdə çıxışı zamanı danışıb.

Report”un məlumatına görə, Ceyhun Bayramov Azərbaycanın regional bağlantıların gücləndirilməsi ilə bağlı baxışını təqdim edərək nəqliyyat və logistika infrastrukturunun inkişafının iqtisadi artıma, təchizat zəncirlərinin dayanıqlılığına və yeni investisiya imkanlarının yaradılmasına töhfə verəcəyini bildirib.

Tədbirdə əsas diqqət TRIPP layihəsinə yönəldilib. Nazir qeyd edib ki, Vaşinqton sammitinin mühüm nəticələrindən biri olan bu layihə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur. Onun sözlərinə görə, layihənin reallaşdırılması daha geniş regional bağlantıların inkişafına və uzunmüddətli sülhün möhkəmlənməsinə xidmət edəcək.

Ceyhun Bayramov TRIPP-in həyata keçirilməsi istiqamətində ABŞ-nin səylərini yüksək qiymətləndirərək göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O vurğulayıb ki, layihə yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır, həmçinin regional enerji əlaqələrinin inkişafı və enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm potensiala malikdir.

Nazir Azərbaycanın Bakı Limanı və Ələt Azad İqtisadi Zonası əsasında inteqrasiya olunmuş nəqliyyat-logistika qovşağının yaradılmasına investisiyaları davam etdirdiyini də diqqətə çatdırıb.

APA”nın məlumatına görə, Ceyhun Bayramov logistika və gömrük prosedurlarının sadələşdirilməsinin, rəqəmsallaşmanın genişləndirilməsinin və regional tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd edib. Bu kontekstdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan arasında həyata keçirilən əlaqələndirmə yol xəritələrinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan tərəfinin mövqeyinə əsasən, Transxəzər marşrutunun və TRIPP kimi yeni nəqliyyat layihələrinin inkişafı regional ticarət, investisiya və enerji əməkdaşlığı üçün əlavə imkanlar yarada bilər.