Norveç millisi DÇ-2026 öncəsi futbolçuların uşaqlıq və ilk futbol illərinə həsr olunmuş maraqlı komanda fotosu ilə diqqət çəkib.
MSNews.az-ın “Sports.ru”ya istinadən məlumatına görə, Norveç yığmasının oyunçuları komanda fotosunda karyeraya başladıqları ilk klubların formaları ilə yer alıblar. Bu ideya futbolçuların peşəkar səviyyəyə qədər keçdikləri yolu və yerli klubların onların inkişafındakı rolunu simvolizə edir.
Fotoda yığmanın əsas ulduzlarından Erlinq Holand “Bryne” klubunun formasını geyinib. “Manchester City”nin rəsmi materiallarında da qeyd olunur ki, Holand futbolçu kimi ilk ciddi addımlarını məhz “Bryne”də atıb və 15 yaşında bu klubun əsas komandasında debüt edib.
Norveç millisinin kapitanı Martin Edeqor isə doğma “Drammen Strong” klubunun forması ilə görüntülənib. “Arsenal”ın məlumatına görə, Edeqor “Drammen Strong”dan sonra 2009-cu ildə, 10 yaşında “Strømsgodset”ə keçib və karyerasında sürətli yüksəlişə başlayıb.
Fotoda diqqət çəkən digər detallardan biri 24 yaşlı Telo Osqorun “Liverpool” forması ilə iştirak etməsidir. “Rangers” klubunun profilində Osqorun “Liverpool” və “Wigan Athletic” akademiyalarından keçdiyi qeyd olunur. Futbolçu hazırda Şotlandiyanın “Rangers” klubunda çıxış edir və Norveç millisinin üzvüdür.