Nikolay Prjevalski barədə geniş oxucu kütləsinə əsasən onun Mərkəzi Asiya ekspedisiyalarına rəhbərlik etməsi məlumdur. Lakin məşhur səyyahın və tədqiqatçının tərcümeyi-halında bundan qat-qat maraqlı və bəzən də mübahisəli faktlar yer alır. Məsələn, onun ilk böyük ekspedisiyası üçün lazım olan maliyyə vəsaitini qumar masasında qazanması, səfərlərinin bir hissəsinin hərbi kəşfiyyat məqsədi daşıması və hətta illər sonra Polşa mətbuatında Stalinin guya əsl atası olması ilə bağlı səsləndirilən iddialar bu faktlar sırasındadır.
Bir dövr Nikolay Prjevalski kart oyunlarına aludə olmuşdu. Güclü vizual yaddaşı ona qumarda tez-tez uğur qazanmağa imkan verirdi. Bununla yanaşı, o, qumarın özünəməxsus “intizam qaydalarına” ciddi əməl edirdi: heç vaxt özü ilə 500 rubldan artıq pul götürmür və 1000 rubl qazanan kimi oyunu dərhal tərk edirdi. Mərkəzi Asiyaya ilk ekspedisiyası üçün lazım olan vəsaiti də məhz, bu yolla – qumarda udduğu 12 min rubl hesabına toplamışdı. O dövrdə Coğrafiya Cəmiyyəti üçün Prjevalski tanınmış sima deyildi və başqa maliyyə mənbəyi tapmaq imkanı yox idi. Bu uğurdan sonra isə o, özünə söz vermişdi ki, bir daha pulla qumar oynamayacaq.
1870–1873-cü illərdə baş tutan ekspedisiya Prjevalskini dünya şöhrətinə qovuşdurdu. Bu səfər zamanı o, Monqolustanı, Çini və Tibeti tədqiq etdi, Qobi səhrasının əvvəl düşünüldüyü kimi yüksəklik yox, təpəli çökəklik olduğunu sübut etdi, Nanşanın isə dağ silsiləsi deyil, bütöv bir dağ sistemi olduğunu müəyyənləşdirdi. Bundan əlavə, yeddi iri göl və Beyşan yaylası onun elmi kəşfləri sırasına daxil oldu.
Cəmi 30 yaşında Prjevalski artıq məşhur alim və cəmiyyətin diqqət mərkəzində olan bəy namizədi idi. Lakin o, ailə qurmağa tələsmirdi. Nikahı “könüllü ilmə” adlandıran səyyah azadlığın onu daha xoşbəxt etdiyinə inanırdı və ömrünün sonuna qədər subay qaldı.
Prjevalskinin ekspedisiyaları yalnız elmi xarakter daşımırdı. O, eyni zamanda Rusiya ordusunun zabiti idi və səfərləri zamanı hərbi-strateji məlumatlar toplayırdı. Faktlar göstərir ki, Prjevalski təkcə alim yox, həm də peşəkar kəşfiyyatçı idi və topladığı informasiyalar Baş Qərargah üçün də əhəmiyyət daşıyırdı.
Onun adı ilə bağlı ən qalmaqallı versiya isə 1939-cu ildə Polşa mətbuatında ortaya atıldı. Həmin yazılarda iddia edilirdi ki, Prjevalski əslində İosif Stalinin atası olub. Guya 1878-ci ildə Gürcüstanda olarkən 22 yaşlı Yekaterina Cuqaşvili ilə tanış olub və nəticədə Stalin dünyaya gəlib. Lakin bioqraflar bu versiyanı dərhal təkzib edərək həmin dövrdə Prjevalskinin Çində olduğunu sübut ediblər.
1888-ci ildə Prjevalski həyatının ən böyük ekspedisiyasına hazırlaşırdı. İki il davam etməsi planlaşdırılan bu səfər onun üçün sonuncu oldu. Səyyah ağır xəstəlikdən cəmi iki həftə sonra qəfil vəfat etdi. Uzun illər ölüm səbəbi kimi qarın yatalağı göstərilsə də, müasir tibbi ekspertizalar onun limfoqranulematozdan öldüyünü ehtimal edir.