Neapolda “La Casa de Papel” sayağı bank soyğunu

İtaliyanın Neapol şəhərində bank soyğunu zamanı 25 nəfər girov götürüldü. Quldurlar tunel vasitəsilə qaçaraq izlərini itirdi.

28

İtaliyanın Neapol şəhərində yerləşən “Crédit Agricole” bankının filialına silahlı hücum edilib. Hadisə zamanı quldurlar təxminən 25 nəfəri girov götürüb, daha sonra isə tunel vasitəsilə qaçaraq izlərini itiriblər.

Xəbəri MSNews.az “BBC”-yə istinadən verir.

Məlumata görə, soyğun günorta saatlarında baş verib və polis dərhal ərazini mühasirəyə alıb. Yerli KİV-lərin yazdığına əsasən, hüquq-mühafizə orqanları quldurlarla danışıqlar aparıb və təxminən iki saat sonra girovların azad edilməsinə nail olunub.

Hadisə yerindən yayılan görüntülərdə xilasedicilərin pəncərələri sındıraraq insanları binadan çıxardığı görünür. Girovlardan bəziləri sakit şəkildə ərazini tərk etsə də, bir çoxunun şok vəziyyətində olduğu, bəzilərinə tibbi yardım göstərildiyi bildirilib.

Rəsmi açıqlamaya görə, hadisə zamanı ciddi xəsarət alan olmayıb. Girovlardan biri yerli mediaya bildirib ki, quldurlar silahlı olsalar da, zorakılıq tətbiq etməyiblər və insanları sadəcə bir otaqda saxlayıblar.

Polis xüsusi təyinatlı qüvvələri də hadisə yerinə cəlb edib və binaya hücum zamanı atəş səsləri və səs bombaları eşidilib. Lakin həmin vaxta qədər quldurların artıq tunel vasitəsilə qaçdığı ehtimal olunur. Yerli mənbələr onların kanalizasiya sistemi ilə ərazidən uzaqlaşa biləcəyini qeyd edir.

Bildirilir ki, quldurlar əsasən pul deyil, bank seyflərini hədəf alıb. Bu səbəbdən oğurlanan məbləğin həcmi hələlik müəyyən edilməyib.