Argentina millisi 2026-cı il dünya çempionatı üçün yekun heyətini açıqlayıb. Komandanın kapitanı Lionel Messi siyahıya daxil edilib və bununla da karyerasında 6-cı dəfə mundialda iştirak etməyə hazırlaşır.
Argentina Futbol Assosiasiyasının rəsmi saytında baş məşqçi Lionel Skaloninin 26 futbolçudan ibarət yekun siyahısını dərc edib. AFA-nın açıqlamasında Argentina millisinin 2022-ci ildə Qətərdə qazandığı dünya çempionluğu titulunu qorumağa çalışacağı qeyd olunub.
“Reuters” yazır ki, 38 yaşlı Messi 2006, 2010, 2014, 2018 və 2022-ci illərdən sonra 2026-cı ildə də Argentina millisinin heyətində dünya çempionatında çıxış edəcək. Bu, onun milli komanda karyerasında rekord sayda — 6-cı mundialı olacaq.
Skaloni heyətdə 2022-ci ildə dünya çempionu olmuş komandanın əsas nüvəsini saxlayıb. Emiliano Martines, Nikolas Otamendi, Rodrigo De Paul, Aleksis Mak Allister, Enso Fernandes, Xulian Alvares və Lautaro Martines yenidən yığmaya çağırılan əsas oyunçular sırasındadır.
Bununla belə, heyətdə bəzi dəyişikliklər də var. Anxel Di Mariya 2024-cü ildə Amerika Kubokundan sonra milli karyerasını başa vurduğu üçün siyahıda yer almayıb. Covani Lo Çelso isə 2022-ci il mundialını zədə səbəbindən buraxdıqdan sonra yenidən dünya çempionatı heyətinə daxil edilib.
AFA-nın açıqladığı siyahıya əsasən, Argentina millisinin qapıçıları Emiliano Martines, Heronimo Rulli və Xuan Mussodur. Müdafiədə Qonsalo Montiel, Nauel Molina, Lisandro Martines, Nikolas Otamendi, Leonardo Balerdi, Kristian Romero, Nikolas Talyafiko və Fakundo Medina yer alıb. Yarımmüdafiə xəttində Covani Lo Çelso, Leandro Paredes, Rodrigo De Paul, Eksekiel Palasios, Enso Fernandes, Aleksis Mak Allister və Valentin Barko çağırılıb. Hücumda isə Lionel Messi, Nikolas Qonsales, Culiano Simeone, Lautaro Martines, Xose Manuel Lopes, Xulian Alvares, Tyaqo Almada və Niko Pas yer alıb.
“Reuters”in məlumatına görə, Argentina dünya çempionatında “J” qrupunda mübarizə aparacaq. Son dünya çempionu qrup mərhələsində əvvəlcə Əlcəzairlə, daha sonra İordaniya və Avstriya ilə qarşılaşacaq.