Meksikada futbol matçında silahlı hücum — 11 ÖLÜ VƏ YARALILAR VAR

Meksikanın Salamanka şəhərində futbol matçının sonunda silahlı şəxslər tribunaya atəş açıb, nəticədə azı 11 nəfər həlak olub və 12 nəfər yaralanıb. Hadisə kartellər arasında qarşıdurma ilə əlaqələndirilir.

27

Meksikanın Salamanka şəhərində bazar günü futbol matçının bitməsindən dərhal sonra tribunaya atəş açılması nəticəsində azı 11 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Yerli məmurların açıqlamalarına görə, hücum futbol sahəsinə daxil olan silahlı şəxslər tərəfindən törədilib və hadisə yerində 10 nəfər ölüb; xəstəxanaya çatdırılan daha bir şəxs bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Yaralılar arasında qadın və uşaq da var. Salamanka meri Kesar Prieto bildirib ki, şəhər geniş cinayət dalğası ilə üz-üzədir və federal yardım üçün müraciət olunub.

Əyalət prokurorluğu hücumun “Santa Rosa de Lima” adlı yerli çətə ilə “Xalisco Yeni Nəsil” Karteli arasındakı qarşıdurmanın nəticəsi ola biləcəyini bildirərək federal orqanlarla birlikdə genişmiqyaslı istintaq apardıqlarını açıqlayıb. Öncəki gün oxşar bir qətliamın baş verdiyi bölgədə yenidən bu cür silahlı hücumların olması yerli ictimaiyyətdə narahatlıq yaradıb.