Malidə aprelin 25-də baş verən genişmiqyaslı koordinasiyalı hücumlardan sonra ölkənin müdafiə naziri Sadio Kamara ilə bağlı ziddiyyətli məlumatlar yayılıb.
“Jeune Afrique”ə istinad edən bir sıra Afrika mediası Kamarının Kati şəhərindəki iqamətgahına hücum zamanı həlak olduğunu yazıb. İddialara görə, hücum “Əl-Qaidə” ilə əlaqəli “Camaat Nüsrət əl-İslam vəl-Müslimin” — JNIM qruplaşmasına aid edilir və kamikadzenin idarə etdiyi partlayıcı yüklü avtomobillə həyata keçirilib. Bununla belə, Mali hökuməti Kamarının ölümü ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
“Anadolu Agentliyi” aprelin 25-də Mali Müdafiə Nazirliyindəki mənbələrə istinadən Sadio Kamarının təhlükəsiz olduğunu yazmışdı. Həmin məlumatda onun Kati şəhərindəki evinin hədəfə alındığı, lakin nazirin sağ olduğu qeyd edilirdi. Bu səbəbdən hazırkı mərhələdə Kamarının ölümü təsdiqlənmiş fakt kimi deyil, rəsmi təsdiq gözləyən iddia kimi qiymətləndirilir.