“X” platformasında “Nur” adlı istifadəçinin adından yayılan və guya “Bellingcat”-ə, eləcə də onun qurucusu Eliot Higginsə istinad edən videoda Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfəri zamanı özünə qarşı saxta sui-qəsd ssenarisi hazırladığı, bununla da Rusiyanı günahlandırmaq istədiyi iddia olunur.
Ancaq hazırda bu versiyanı təsdiqləyən heç bir rəsmi və etibarlı mənbə görünmür. Ermənistan hökuməti son günlər sosial şəbəkələrdə yayılan oxşar materiallar barədə açıq şəkildə xəbərdarlıq edərək onları “saxta və manipulyativ informasiya” adlandırıb. Baş nazirin sözçüsü Nazeli Bağdasaryan “X”-də koordinasiyalı şəkildə yayılan saxta məzmunların dövlətə və ictimai etimada zərbə vurmağa yönəldiyini bildirib.
Müstəqil erməni media monitorinqi də oxşar sxemləri qeydə alıb. CivilNet mart ayında bildirmişdi ki, X-də saxta hesablar CNN, Reuters, Bloomberg, Euronews və digər nüfuzlu media orqanlarının loqolarından istifadə edərək manipulyativ videolar yayır və həmin materialların heç biri bu media qurumları tərəfindən dərc olunmur. İndiki “Bellingcat–Higgins–Makron” xətti də məhz bu tanınmış adlardan saxta legitimlik yaratmaq üsuluna çox bənzəyir.