Maduro rejiminin devrilməsi Venesuela diasporasında bayramla qarşılandı

Nikolas Maduro rejiminin devrilməsi xəbəri Venesuela diasporasında sevinclə qarşılanıb, lakin ölkənin gələcəyi ilə bağlı suallar qalmaqdadır.

34

ABŞ-ın rəhbərlik etdiyi əməliyyat nəticəsində Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması xəbəri dünyanın müxtəlif ölkələrində yaşayan Venesuela diasporası arasında böyük sevinc doğurub. Şənbə günü bir çox ölkədə venesuelalı miqrantlar küçələrə çıxaraq bu xəbəri bayram ediblər.

Çilinin paytaxtı Santyaqoda toplaşan venesuelalılar Maduro­nun ələ keçirilməsini alqışlayan şüarlar səsləndiriblər. Son yeddi ildə Çilidə yaşayan Xati Yanez bildirib ki, bu xəbər onlar üçün azadlığın simvoludur. Onun sözlərinə görə, diktaturanın sona çatması Venesuela üçün yeni bir başlanğıc deməkdir. Digər bir miqrant Xose Qreqorio isə illərlə davam edən mübarizədən sonra bu günün “azadlıq günü” olduğunu deyib.

BMT-nin Miqrasiya üzrə Beynəlxalq Təşkilatının məlumatına əsasən, 2014-cü ildən bu yana təxminən 7,7 milyon venesuelalı, yəni ölkə əhalisinin təxminən 20 faizi aclıq, iqtisadi böhran və daha yaxşı həyat axtarışı səbəbilə ölkəni tərk edib. Ən çox miqrant qəbul edən ölkə Kolumbiya olub. Burada təxminən 2,8 milyon venesuelalı yaşayır. Peru isə 1,7 milyon miqrantla ikinci yerdədir.

İlkin sevinc dalğasından sonra diasporada Venesuelanın gələcəyi ilə bağlı narahatlıq və qeyri-müəyyənlik də hiss olunmağa başlayıb. Son üç ildə İspaniyada yaşayan Andres Losada bildirib ki, o, həm sevinc, həm də narahatlıq hissi keçirir. Onun fikrincə, Karakasda vəziyyət ağır olsa da, ölkənin azadlığa aparan bir yolu var.

Bu arada, Karakasda şənbə səhəri təhlükəsizlik qüvvələri əsasən boş qalan küçələrdə patrul xidməti aparıb. Şəhər sakinlərinin böyük əksəriyyəti evlərində qalaraq hadisələrlə bağlı xəbərləri telefonlardan izləyib, bəziləri isə mümkün uzunmüddətli gərginliyə hazırlaşmaq üçün ərzaq tədarükü görüb.

İspaniyada fəaliyyət göstərən Venesuela mədəniyyət assosiasiyasının vitse-prezidenti Aqustin Rodriges yerli televiziyaya verdiyi açıqlamada ABŞ zərbələri ilə bağlı narahatlığını ifadə etsə də, bunun ölkədə hakimiyyətin dəyişməsi və gələcək üçün yeni perspektivlərin yaranması baxımından qaçılmaz ola biləcəyini deyib.