Macarıstan 2027-ci ilin oktyabrınadək Rusiya təbii qazından asılılığına son qoymağa və ölkənin qaz təchizatını alternativ mənbələr hesabına təmin etməyə hazırlaşır. Macarıstanın iqtisadiyyat və energetika naziri İştvan Kapitani mövcud planların həyata keçiriləcəyi təqdirdə Rusiya qazından tam imtinanın mümkün olacağını bildirib.
MSNews.az xəbər verir ki, nazir bu barədə sentyabrın 18-də Macarıstanın “Telex” nəşrinə müsahibəsində danışıb. O, ölkənin qaz təchizatının 2027-ci ilin oktyabrınadək alternativ mənbələr hesabına təmin edilə biləcəyini vurğulayıb.
“Vəziyyət hazırda göründüyü kimi inkişaf edərsə, gələn ilin oktyabrında Macarıstanın qaz təchizatı digər mənbələr hesabına təmin edilə biləcək. Lakin buna ehtiyac olub-olmayacağını hələ görəcəyik. Hadisələrin necə inkişaf edəcəyini əvvəlcədən söyləmək çətindir”, – deyə Kapitani bildirib.
Nazirin sözlərinə görə, Macarıstanın Rusiya qazından asılılığı alternativ mənbələrin olmaması ilə deyil, indiyədək Rusiya ilə mövcud tədarük mexanizminin iqtisadi baxımdan daha sərfəli olması ilə əlaqədardır. Ölkə müxtəlif istiqamətlərdən qaz idxalına imkan verən boru kəməri infrastrukturuna malikdir.
Budapeşt artıq Rumıniya və mayeləşdirilmiş təbii qaz tədarükçüləri ilə alternativ enerji mənbələrinin təmin edilməsi istiqamətində danışıqlar aparır. Nazir Macarıstanın qaz anbarlarında kifayət qədər ehtiyat toplandığını və ölkənin qarşıdakı qış mövsümünə hazır olduğunu da qeyd edib.
Qeyd edək ki, Avropa İttifaqının qəbul etdiyi qaydalara əsasən, Rusiyadan uzunmüddətli müqavilələr çərçivəsində boru kəmərləri ilə qaz idxalına 2027-ci il sentyabrın 30-dan qadağa tətbiq olunacaq. Qaz anbarlarının doldurulması ilə bağlı müəyyən çətinliklər yaranarsa, bu müddət müvafiq ölkələr üçün noyabrın 1-dək uzadıla bilər.
Bununla belə, Kapitaninin açıqlaması Rusiya qazının idxalının artıq dayandırılması barədə qərar qəbul edildiyi anlamına gəlmir. Nazir alternativ təchizatın təmin olunmasının mövcud planların icrasından və qarşıdakı dövrdə yaranacaq şəraitdən asılı olduğunu bildirib.