Lululemon “Get Low” idman kolleksiyasının onlayn satışını şikayətlərdən sonra dayandırdı

Lululemon yeni “Get Low” idman geyimləri xəttinin onlayn satışını istifadəçi şikayətlərindən sonra müvəqqəti dayandırıb. Müştərilər leginqlərin əyilərkən şəffaf olduğunu bildiriblər.

66

İdman geyimləri istehsalçısı “Lululemon” Athletica “Get Low” adlı yeni məşq kolleksiyasının onlayn satışını istifadəçilərdən daxil olan şikayətlər səbəbindən müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

Şirkət nümayəndəsinin bildirdiyinə görə, kolleksiya Şimali Amerikadakı mağazalarda fiziki olaraq satışda qalır, lakin müştəri rəylərini daha yaxşı anlamaq və məhsulla bağlı məlumatlandırmanı gücləndirmək məqsədilə onlayn satışlar müvəqqəti olaraq dayandırılıb. “Lululemon” yaxın zamanda kolleksiyanı yenidən Şimali Amerika üzrə elektron ticarət platformalarına qaytarmağı planlaşdırır.

Sosial şəbəkə “Reddit” istifadəçiləri yeni kolleksiyaya daxil olan leginqlərin əyilərkən və ya çömbələrkən şəffaf göründüyünü iddia ediblər. Şirkətin rəsmi saytında isə “Get Low” kolleksiyasına aid səhifənin bir müddət əlçatmaz olduğu və “xəta baş verdi” mesajı göstərdiyi müşahidə olunub.

“Morningstar” analitiki David Şvarts bildirib ki, bu vəziyyət “Lululemon”-un bir müddətdir məhsul inkişafı sahəsində problemlərlə üzləşdiyini göstərir və bunun yeni icraçı direktor tərəfindən həll olunmalı əsas məsələlərdən biri olacağı gözlənilir.

Məsələ şirkətin mürəkkəb dövrdən keçdiyi vaxta təsadüf edir. “Lululemon” dekabr ayının sonunda şirkətin qurucusu Çip Uilson tərəfindən başladılan idarəetmə mübarizəsi ilə üzləşib. Uilson idarə heyətinə üç müstəqil üzvün namizədliyini irəli sürüb. Eyni zamanda aktivist investor Elliott Management” şirkətdə təxminən 1 milyard dollarlıq pay əldə edərək rəhbərlik dəyişiklikləri üçün təzyiq göstərir.

Bütün bunların fonunda “Lululemon” səhmləri bazarda təxminən 5 faiz ucuzlaşıb. Buna baxmayaraq, Vankuverdə yerləşən şirkət ötən həftə bayram mövsümündə güclü tələbat səbəbilə dördüncü rüb üzrə gəlir və mənfəətin əvvəlki proqnoz aralığının yuxarı həddinə yaxın olacağını açıqlayıb.

Qeyd edək ki, “Lululemon” 2024-cü ildə də “Breezethrough” adlı leginqləri uyğunluq, material və tikiş problemləri ilə bağlı şikayətlərdən sonra satışdan geri çəkmək məcburiyyətində qalmışdı.