Lula Trampa jabotikaba və marakuyya aparacağını dedi

Braziliya Prezidenti Lula da Silva Donald Trampa “onu sakitləşdirmək” üçün jabotikaba ağacı və marakuyya aparmaq istədiyini açıqlayıb. Açıqlama Embrapa tədbirində yumorlu tonda səslənib.

13

Braziliya Prezidenti Luiü İnasiu Lula da Silva ABŞ Prezidenti Donald Trampa zarafatla jabotikaba ağacı və marakuyya aparmaq istədiyini deyib.

“CNN Brasil”-in məlumatına görə, Lula bu fikri 23 aprel tarixində Braziliyanın Planaltina şəhərində “Embrapa”-nın təşkil etdiyi “Brasil na Mesa” sərgisində səsləndirib. O, “Səyahət edəndə Si Cinpin üçün də, Tramp üçün də bir jabotikaba fidanı aparmağa çalışacağam. Jabotikaba sakitləşdirir. Marakuyya da aparacağam” ifadəsini işlədib.

Bu açıqlama yumorlu tonda verilsə də, Vaşinqton–Braziliya xəttində artan gərginlik fonunda diqqət çəkib. “Reuters” son günlər yazırdı ki, Lula Trampın xarici siyasətdə hədələyici ritorikasını tənqid edib, ABŞ-ın İranla bağlı davranışını və Braziliyaya münasibətini sərt sözlərlə qiymətləndirib. Lula hətta ABŞ-ın Braziliya federal polis attaşesini ölkədən çıxarmasından sonra mümkün qarşılıq addımlarını da istisna etməyib.

Braziliya mediasında bu jest daha çox siyasi istehza kimi təqdim olunur. Yerli nəşrlər qeyd edir ki, Lula Trampı “sakitləşdirmək” barədə bunu ilk dəfə demir və son çıxışlarında ABŞ liderinin müharibə ritorikasına qarşı daha çox ironiyadan istifadə edir. Bununla belə, ortada rəsmi hədiyyə planı və ya yaxın vaxtda təsdiqlənmiş Tramp–Lula görüşü barədə ayrıca açıqlama yoxdur.