Almaniya millisinin sabiq hücumçusu Lukas Podolski peşəkar futbolçu karyerasını başa vuracağını açıqlayıb. 40 yaşlı dünya çempionu qərarını sosial şəbəkə hesabı vasitəsilə elan edib. Almaniya mediasının məlumatına görə, Podolski cari mövsümün sonunda aktiv futbolçu karyerasını bitirəcək və onun son klubu Polşanın “Górnik Zabrze” komandası olacaq.
Podolskinin son oyununun mayın 23-də Ekstraklasanın son turunda “Górnik Zabrze” – “Radomiak Radom” qarşılaşması olacağı gözlənilir. “FotMob”-un məlumatında da “Górnik”in növbəti matçının mayın 23-də “Radomiak Radom”a qarşı keçiriləcəyi qeyd olunur.
Podolski 2021-ci ildən “Górnik Zabrze”də çıxış edirdi. Bu klub onun üçün xüsusi məna daşıyırdı: futbolçu Polşada doğulub və “Górnik”ə keçidini karyerasının emosional mərhələlərindən biri kimi təqdim edirdi. Almaniya mediası qeyd edir ki, o, karyerasını məhz, bu klubda rəsmən tamamlayacaq.
Təcrübəli hücumçu karyerası ərzində “Köln”, “Bavariya”, “Arsenal”, “İnter”, “Qalatasaray”, “Vissel Kobe”, “Antalyaspor” və “Górnik Zabrze” kimi klublarda çıxış edib. Podolskinin karyerasının ən böyük uğuru isə Almaniya millisi ilə 2014-cü il dünya çempionluğu olub.
Podolski futbolçu karyerasını bitirsə də, “Górnik Zabrze” ilə əlaqəsini davam etdirmək niyyətindədir. O, klubdakı səhmlərini artıraraq “Górnik”in idarəçiliyində daha böyük rol oynamaq istəyir. Podolski bu planı “indi qalan hissəni alıram” sözləri ilə şərh edib.