Kürasao DÇ tarixində Ginnes rekorduna düşdü

Kürasao DÇ-yə vəsiqə qazanan ən az əhalili ölkə kimi “Guinness World Records” tərəfindən rəsmən tanınıb. Ölkənin əhalisi vəsiqə qazandığı vaxt 156 115 nəfər olub.

18

Kürasao Dünya Kubokuna vəsiqə qazanan ən az əhalili ölkə kimi Ginnes rekorduna düşüb.

MSNews.az xəbər verir ki, “Guinness World Records” Kürasaonu futbol üzrə FIFA Dünya Kubokuna vəsiqə qazanan ən az əhalili ölkə kimi rəsmi rekordlar siyahısına daxil edib.

Məlumata görə, Kürasao 2025-ci il noyabrın 19-da Yamaykanın paytaxtı Kinqstonda DÇ-2026-ya vəsiqəni rəsmiləşdirərkən ölkənin əhalisi 156 115 nəfər olub. Komanda həmin gün Yamayka ilə 0:0 hesablı heç-heçə edərək seçmə qrupunu lider kimi tamamlayıb.

“Reuters” agentliyi də Kürasaonu həm əhali, həm də ərazi baxımından Dünya Kubokuna vəsiqə qazanan ən kiçik ölkə kimi təqdim edib. Komandanın baş məşqçisi niderlandlı mütəxəssis Dik Advokatdır.

Kürasao DÇ-2026-da ilk dəfə mundialda iştirak edir. Komanda E qrupunda Almaniya, Kot-d’İvuar və Ekvadorla mübarizə aparır.

“Reuters” yazır ki, Kürasao ilk oyununda Almaniyaya 1:7 hesabı ilə məğlub olsa da, Dünya Kuboku tarixində ilk qolunu vurmağı bacarıb.

Qeyd edək ki, Kürasaonun bu uğuru DÇ-2026-nın ən diqqətçəkən hekayələrindən biri hesab olunur. Təxminən 156 min əhalisi olan ada ölkəsinin mundiala yüksəlməsi futbol tarixində nadir hadisə kimi qiymətləndirilir.