“Kaitiakitanga” dünyanın ən gözəl sözü seçilib

“Babbel”in 75 dildə 223 sözü əhatə edən araşdırmasında maori dilindəki “kaitiakitanga” dünyanın ən gözəl sözü seçilib. Söz təbiətin gələcək nəsillər üçün qorunması məsuliyyətini ifadə edir.

8

Yeni Zelandiyanın yerli maori xalqının dilində işlədilən “kaitiakitanga” sözü dil öyrənmə platforması “Babbel”in keçirdiyi seçimdə dünyanın ən gözəl sözü elan edilib.

MSNews.az xəbər verir ki, “Babbel” onlayn dil icmalarında, o cümlədən “Reddit” və “TikTok”da aparılan müzakirələri təhlil edərək 75 dildən 223 sözü ilkin siyahıya daxil edib. Daha sonra dilçilər, yazıçılar və mədəniyyət mütəxəssislərindən ibarət beynəlxalq münsiflər heyəti sözləri səslənmə, məna, nadirlik və mədəni aktuallıq meyarları əsasında qiymətləndirib.

Seçimin qalibi olan “kaitiakitanga” sözü maori dünyagörüşündə təbiətə qayğı göstərmək, onu qorumaq və gələcək nəsillərə çatdırmaq məsuliyyətini ifadə edir. Sözün mənası yalnız ətraf mühitin mühafizəsi ilə məhdudlaşmır; bu anlayışa görə insan təbiətin sahibi deyil, onun bir hissəsi və qoruyucusudur.

“Babbel” mütəxəssisləri sözün fərqli səslənməsi, çoxqatlı mənası və müasir dövrdə ekoloji məsuliyyət mövzusu ilə əlaqəsi səbəbindən digər namizədlərdən seçildiyini bildiriblər. Platformanın dil mütəxəssisi Esteban Tuma Portilya qeyd edib ki, iqlim dəyişikliyinin təsirlərinin daha çox hiss edildiyi bir zamanda “kaitiakitanga” insanın həm ətraf mühitə, həm də digər insanlara qarşı məsuliyyətini xatırladır.

İlk 15-liyə portuqal dilində insan və ya keçmiş üçün ağrılı, dərin həsrəti ifadə edən “saudade”, yapon dilində insana yaşamaq üçün məqsəd verən “ikigai”, uels dilində itirilmiş və ya heç vaxt tam yaşanmamış vətənə, zamana duyulan həsrəti bildirən “hiraeth” və zulu dilində ortaq insanlıq fəlsəfəsini ifadə edən “ubuntu” sözləri də daxil edilib.

Siyahıda həmçinin yapon dilində qırılmış keramikanın çatlarını qızıl vasitəsilə bərpa etmək sənətini bildirən “kintsugi”, türk dilində suyun üzərindəki ay işıltısını ifadə edən “yakamoz” və ispan dilində ümid və arzunu bildirən “ojalá” sözləri yer alıb.