İtaliya futbolunun əfsanəvi simalarından biri, Milanın “İnter” klubunun sabiq hücumçusu Sandro Matssola 83 yaşında vəfat edib. O, bütün peşəkar klub karyerasını “İnter”də keçirib və İtaliya millisi ilə 1968-ci ildə Avropa çempionu olub.
MSNews.az xəbər verir ki, Matssolanın vəfat etdiyini sentyabrın 19-da “İnter” klubu rəsmi olaraq açıqlayıb. “ANSA” agentliyinin məlumatına görə, sabiq futbolçu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Matssola 1960–1977-ci illərdə “İnter”in əsas komandasında çıxış edib. Bu müddətdə 565 rəsmi oyunda meydana çıxaraq 158 qol vurub. O, Milan təmsilçisi ilə dörd dəfə İtaliya çempionu, iki dəfə Avropa Çempionlar Kubokunun və iki dəfə Qitələrarası Kubokun qalibi olub.
İtaliya millisinin heyətində 70 oyun keçirən və 22 qol vuran Matssola 1968-ci ildə Avropa çempionluğunu qazanıb. O, həmçinin 1970-ci il dünya çempionatında finala yüksələn İtaliya yığmasının heyətində yer alıb.
İtaliya Futbol Federasiyası Matssolanın xatirəsinə ehtiram əlaməti olaraq həftəsonu keçiriləcək futbol qarşılaşmalarından əvvəl bir dəqiqəlik sükut elan edib.