İstanbulun Florya sahilləri yaxınlığında, Küçükçekmece lövbər dayanacağı ərazisində Azərbaycan bayrağı altında üzən “Kəlbəcər” adlı tanker ilə “Alatepe” tankeri toqquşub.
Məlumata görə, uzunluğu 141 metr olan “Kəlbəcər” tankeri ilə 115 metr uzunluğundakı “ALATEPE” tankeri arasında baş verən insidentdən sonra Azərbaycan gəmisindən təhlükə siqnalı verilib.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) hadisənin güclü külək səbəbindən baş verdiyini açıqlayıb. Bildirilib ki, “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqda dayanan “ALATEPE” tankerinin pərvanəsinə ilişib, nəticədə toqquşma qeydə alınıb.
Hadisə yerinə dərhal liman nəzarət xidmətinin mütəxəssisləri cəlb olunub. Hazırda hər iki gəmidə zəruri texniki yoxlamalar aparılır və onların təhlükəsiz şəkildə ayrılması istiqamətində tədbirlər davam etdirilir.
ASCO-nun məlumatına görə, insident zamanı gəmidə yük olmayıb, ekipaj üzvlərinin təhlükəsizliyi ilə bağlı hər hansı risk mövcud deyil. Qurum vəziyyətin tam nəzarət altında olduğunu vurğulayıb.