İsrailli jurnalist: “Netanyahunun Əbu-Dabidə keçirdiyi 4 saat BMT-dən daha vacib idi”

İsrailli jurnalist Hananya Naftali Benyamin Netanyahunun BƏƏ-yə açıqlanmayan səfərini şərh edərək, Əbu-Dabidə keçirilən dörd saatlıq görüşün regionun gələcəyi baxımından BMT-dəki hadisələrdən daha əhəmiyyətli olduğunu bildirib.

8

İsrailli jurnalist və siyasi şərhçi Hananya Naftali Baş nazir Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə əvvəlcədən açıqlanmayan səfərinə diqqət çəkib. Naftali səfərlə bağlı məqaləsini sosial şəbəkədə “Netanyahu gizlicə Əbu-Dabiyə uçdu və BƏƏ prezidenti ilə görüşdü. O dörd saat ərzində baş verənlər BMT-dən daha vacibdir” sözləri ilə təqdim edib.

MSNews.az xəbər verir ki, Naftali şəxsi saytında yayımladığı “Netanyahu UAE Visit: The Secret Abu Dhabi Trip the Media Buried” başlıqlı məqaləsində görüşü İsrail-BƏƏ münasibətlərində ictimaiyyətə açıqlanmayan daha dərin təhlükəsizlik əməkdaşlığının göstəricisi kimi şərh edib.

Netanyahunun sentyabrın 27-də BƏƏ-yə səfər etməsi müstəqil mənbələrlə də təsdiqlənib. İsrailin “Channel 12” telekanalının məlumatına görə, baş nazir günortadan sonra Ben-Qurion hava limanından xüsusi təyyarə ilə yola düşüb, saat 15:10-da Əbu-Dabiyə çatıb və təxminən 4 saat BƏƏ-də qaldıqdan sonra İsrailə qayıdıb.

BƏƏ-nin dövlət agentliyi WAM daha sonra Netanyahu ilə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında görüşün keçirildiyini təsdiqləyib. Rəsmi məlumata görə, liderlər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

“Sükut münasibətlərin zəifliyini deyil, əksini göstərir”

Naftalinin məqaləsində əsas diqqət görüşün məxfi saxlanmasına yönəlib. Müəllifin fikrincə, Yaxın Şərqdə belə görüşlərin ictimaiyyətə açıqlanmaması münasibətlərin zəifləməsi kimi deyil, tərəflərin həssas məsələləri mediadan kənarda müzakirə etmək istəyi kimi qiymətləndirilə bilər.

O hesab edir ki, Netanyahunun cəmi bir neçə saatlıq Əbu-Dabi səfəri İsrail və BƏƏ arasında 2020-ci ildə imzalanmış İbrahim sazişlərinin artıq yalnız diplomatik münasibətlərdən ibarət olmadığını göstərir.

Naftali məqaləsində bu fikri İsrail və BƏƏ arasında İranla qarşıdurma zamanı yaranmış təhlükəsizlik əməkdaşlığı ilə əsaslandırır və münasibətlərin xüsusilə ortaq regional təhlükələr fonunda dərinləşdiyini yazır.

“Dörd saat BMT-dən daha çox şey deyir”

Naftalinin məqaləsinin əsas tezislərindən biri Netanyahunun səfərinin BMT Baş Assambleyasında baş verənlərdən daha mühüm siyasi siqnal olmasıdır.

Onun fikrincə, Netanyahu BMT-də çıxış edərkən bir sıra nümayəndə heyətlərinin zalı tərk etdiyi və İsrailin beynəlxalq təcridi barədə müzakirələrin davam etdiyi bir vaxtda BƏƏ rəhbərinin İsrail baş naziri ilə qapalı görüş keçirməsi regiondakı münasibətlərin ictimai diplomatiyadan daha mürəkkəb olduğunu göstərir.

Naftali bunu İsrailin regionda təcrid olunması barədə fikirlərə qarşı arqument kimi təqdim edir.

İran amili

İsrailli jurnalist görüşün arxasında dayanan əsas strateji məsələlərdən birinin İran olduğunu düşünür.

Naftali yazır ki, İranla bağlı vəziyyət hələ həll olunmayıb və mümkün yeni hərbi eskalasiya təkcə İsrail üçün deyil, Körfəz ölkələri üçün də təhlükəsizlik məsələsidir. Bu səbəbdən o, İsrail və BƏƏ arasında təhlükəsizlik əməkdaşlığının davam edəcəyini proqnozlaşdırır.

Məqalənin sonunda jurnalist gələcəkdə İsrail və BƏƏ arasında daha çox belə ictimaiyyətə açıqlanmayan görüşlərin keçiriləcəyini gözlədiyini bildirir. O, həmçinin Əbu-Dabinin Qəzza müharibəsindən sonrakı regional proseslərdə rolunun artacağını və Səudiyyə Ərəbistanının İsrail-BƏƏ münasibətlərinin inkişafını yaxından izləyəcəyini düşünür.