İsrail tərəfi SEPAH-ın “Qüds” qüvvələrinin 840-cı bölməsinin komandiri Əsgər Baqerinin öldürüldüyünü açıqlayıb. Lakin hazırkı açıq mənbə məlumatlarına görə, onun məhz Qum şəhərinə endirilən zərbə nəticəsində öldürüldüyü təsdiqlənmir.
“The Wall Street Journal“ İsrail hərbi mənbələrinə istinadən yazır ki, Baqeri İsrailin Tehranda həyata keçirdiyi aviazərbə nəticəsində öldürülüb. “Associated Press” də İsrailin “Qüds” qüvvələrinin gizli bölməsinin rəhbəri Əsgər Baqerinin öldürdüyünü yazır.
“Reuters“-in məlumatına görə, Qum şəhərində ayrıca yaşayış binasına endirilən zərbə nəticəsində azı beş nəfər həlak olub. Ancaq həmin materialda öldürülənlər arasında Əsgər Baqerinin adı çəkilmir. Bu isə o deməkdir ki, hazırda “Baqeri Qumdakı raket zərbəsində məhv edilib” iddiası etibarlı beynəlxalq mənbələrlə hələ təsdiq olunmayıb.
İsrailin təqdim etdiyi məlumata əsasən, Əsgər Baqeri 2019-cu ildən “Qüds” qüvvələrinin 840-cı xüsusi əməliyyat bölməsinə rəhbərlik edirdi. İsrail tərəfi onu israillilərə və amerikalılara qarşı xaricdə həyata keçirilən əməliyyatlarla əlaqələndirir. Bu iddiaların detalları müstəqil şəkildə tam təsdiqlənməsə də, onun öldürüldüyü barədə məlumat İsrailin son zərbələri fonunda yayılan əsas açıqlamalardan biri kimi təqdim olunur.