İspaniya on minlərlə Qərbi Səhra sakininə vətəndaşlıq yolunu açır

İspaniya Konqresi Qərbi Səhrada İspaniya idarəçiliyi dövründə doğulan səhravilərə və onların birinci dərəcəli övladlarına vətəndaşlıq əldə etmək imkanı verən qanun layihəsini qəbul edib. Təşəbbüs Madrid-Rabat münasibətlərində yeni gərginlik yarada bilər.

66

İspaniya Deputatlar Konqresi Qərbi Səhrada İspaniya idarəçiliyi dövründə doğulan səhravilərin və onların birinci dərəcəli övladlarının İspaniya vətəndaşlığı əldə etməsinə imkan verən qanun layihəsini qəbul edib. Layihə qüvvəyə minməsi üçün indi Senatda nəzərdən keçirilməlidir.

MSNews.az xəbər verir ki, İspaniya Deputatlar Konqresi sentyabrın 10-da layihənin 168 lehinə, 31 əleyhinə və 145 bitərəf səslə qəbul edildiyini açıqlayıb. Təşəbbüs solçu “Sumar” tərəfindən irəli sürülüb.

Qanun layihəsinin hazırkı mətninə görə, Qərbi Səhra ərazisində 29 sentyabr 1977-ci ildən əvvəl doğulmuş və bunu müvafiq sənədlərlə sübut edə bilən səhravilər xüsusi prosedurla İspaniya vətəndaşlığı üçün müraciət edə biləcəklər. Sübut kimi keçmiş İspaniya şəxsiyyət sənədləri, doğum şəhadətnamələri, ailə kitabçaları, İspaniya administrasiyasının verdiyi sənədlər və BMT-nin Qərbi Səhra referendumu siyahılarından sənədlər istifadə oluna bilər.

Qanun qüvvəyə minərsə, əsas kateqoriyaya daxil olan şəxslərin müraciət üçün üç ili olacaq və bu müddət əlavə bir il uzadıla bilər. Onların birinci dərəcəli övladları isə valideynlərindən birinin İspaniya vətəndaşlığını rəsmiləşdirməsindən sonra beş il ərzində vətəndaşlığı seçmək hüququ əldə edəcəklər.

“EFE” səhravi təşkilatlarının hesablamalarına əsasən, təşəbbüsdən 80 min–120 min nəfərin yararlana biləcəyini bildirir. “Reuters” isə potensial faydalananların sayını təxminən 110 min nəfərədək qiymətləndirir.

Qanun layihəsi indi Senata göndəriləcək. Burada mühafizəkar Xalq Partiyası — PP mütləq çoxluğa malikdir. Layihəyə dəyişiklik edilərsə, sənəd yekun təsdiq üçün yenidən aşağı palataya qaytarılacaq. Buna görə vətəndaşlığın verilməsi barədə qərar hələ yekunlaşmayıb.

Təşəbbüs İspaniya ilə Mərakeş arasında Qərbi Səhra məsələsində həssas bir vaxtda qəbul olunur. Mərakeş ərazinin böyük hissəsinə nəzarət edir və onu öz ərazisi hesab edir, Polisario Cəbhəsi isə müstəqil Səhravi dövlətinin yaradılmasını tələb edir. Madrid 2022-ci ildə Rabatın Qərbi Səhra üçün muxtariyyət planını dəstəkləməklə Mərakeşlə münasibətlərdə mühüm dönüş etmişdi. “Reuters” yeni qanunun Rabatla münasibətlərdə yenidən gərginlik yarada biləcəyini qeyd edir.

Mərakeş hökuməti isə hələlik məhz bu qanun layihəsinə dair rəsmi mövqe açıqlamayıb. “EFE” Mərakeş mediasında təşəbbüsün Madrid-Rabat münasibətlərində yeni gərginlik mənbəyi kimi qiymətləndirildiyini yazır.

Qərar iyulun sonunda Seutada baş vermiş kəskin miqrasiya böhranından cəmi bir neçə həftə sonra qəbul edilib. “Reuters”“Associated Press” tərəfindən yayımlanan məxfilikdən çıxarılmış sənədlərə görə, İspaniyanın Milli Kəşfiyyat Mərkəzi — CNI 29 iyulda, kütləvi keçiddən bir gün əvvəl, sosial şəbəkələrdə sərhədə hücum və dəniz yolu ilə keçid çağırışları barədə İspaniya və Mərakeş strukturlarını xəbərdar edib.

İspaniya hökuməti isə xəbərdarlıqların mövcudluğunu qəbul etməklə yanaşı, onların böhranın real miqyasını və ehtimalını əvvəlcədən göstərmədiyini bildirir. Baş nazir Pedro Sançesin rəsmi açıqlamasına görə, CNI sosial şəbəkələrdə ümumilikdə 180 min üzvü olan qruplardakı çağırışları müəyyən etmişdi, lakin həmin rəqəm sərhədi keçəcək şəxslərin sayı barədə kəşfiyyat proqnozu deyildi. “La Moncloa” bunu hökumətin böhranla bağlı izahatında xüsusi vurğulayıb.

Rabat isə Seutadakı kütləvi keçidin Mərakeş tərəfindən təşkil edilməsi barədə ittihamları rədd edib. “Reuters” Mərakeş XİN-in İspaniyadakı daxili siyasi qarşıdurmada ölkənin “günah keçisi” kimi təqdim olunmasına etiraz etdiyini bildirir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.