İraq hökuməti Suriyadan 2 min 250 terror təşkilatı İŞİD üzvünü təhvil aldığını və barələrində hüquqi təsnifat prosesinə start verildiyini açıqlayıb.
İraq Təhlükəsizlik Media Hüceyrəsinin rəhbəri, general-leytenant Səd Maan İraqın rəsmi xəbər agentliyi INA-ya verdiyi açıqlamada bildirib ki, sözügedən şəxslər Suriyadan həm quru, həm də hava yolu ilə İraq ərazisinə gətirilib. Onun sözlərinə görə, təhvil-təslim prosesi beynəlxalq koalisiya ilə koordinasiya şəraitində və İraq təhlükəsizlik qüvvələrinin intensiv səyləri nəticəsində həyata keçirilib.
Səd Maan qeyd edib ki, təhvil alınan İŞİD üzvləri hazırda yüksək təhlükəsizlik tədbirləri görülmüş rəsmi mərkəzlərdə saxlanılır. O vurğulayıb ki, İraq hökuməti və təhlükəsizlik qurumları bu sayda şəxsin qəbulu üçün əvvəlcədən hazırlıq görüb və bu proses təkcə İraqın deyil, ümumilikdə qlobal təhlükəsizliyin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır.
Maan bildirib ki, ixtisaslaşmış qruplar təhvil alınan İŞİD üzvləri ilə bağlı ilkin istintaqa başlayıb və risk səviyyəsinə uyğun olaraq onların təsnifatı aparılır. O əlavə edib ki, ifadələr birbaşa məhkəmə orqanlarının nəzarəti altında alınır və bütün prosedurlar qanun çərçivəsində icra olunur.
İraqın əsas prinsipinin İraq vətəndaşlarına qarşı cinayət törətmiş və İŞİD üzvü olduğu sübuta yetirilmiş hər kəsin İraq məhkəmələrində mühakimə olunması olduğunu bildirən Səd Maan, eyni zamanda Xarici İşlər Nazirliyinin xarici vətəndaş olan saxlanılanlarla bağlı müvafiq ölkələrlə əlaqələri davam etdirdiyini qeyd edib. Onun sözlərinə görə, hüquqi prosedurlar tamamlandıqdan sonra xarici ölkə vətəndaşı olan İŞİD üzvlərinin öz ölkələrinə təhvil verilməsi prosesi başladılacaq və təhlükəsizlik qüvvələri mövcud dosyelər üzərində işini davam etdirəcək.
Xatırladaq ki, Suriyada saxlanılan təxminən 7 min İŞİD üzvünün İraqa köçürülməsinə ötən ay başlanmışdı.