İraq millisinin kapitanı ABŞ hava limanında 7 saat saxlanılıb

İraq millisinin hücumçusu Aymen Hüseyn DÇ-2026 üçün ABŞ-a gəldikdən sonra Çikaqonun O’Hare hava limanında təxminən 7 saat sorğu-sual olunub. Komandanın fotoqrafı isə ABŞ-a buraxılmayıb.

3

İraq millisinin hücumçusu Aymen Hüseyn 2026-cı il dünya çempionatı üçün ABŞ-a gəldikdən sonra Çikaqonun O’Hare hava limanında təxminən 7 saat sorğu-sual olunub.

MSNews.az xəbər verir ki, “Reuters” bu barədə İraq Olimpiya Komitəsində çalışan və komanda ilə yaxın əlaqəsi olan rəsmi şəxsə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, Hüseyn uzun yoxlamadan sonra ABŞ-a buraxılıb.

Eyni mənbə bildirib ki, İraq millisinin fotoqrafı Talal Salah isə 10 saatdan çox saxlanılıb, telefon yoxlamasından keçirilib və sonda ABŞ-a girişinə icazə verilməyib. “Reuters”in məlumatına görə, ABŞ İmmiqrasiya və Gömrük Xidməti, eləcə də Daxili Təhlükəsizlik Departamenti məsələ ilə bağlı sorğulara dərhal cavab verməyib.

ABC7 Chicago” isə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin — CBP-nin açıqlamasını yayıb. Qurum bildirib ki, İraq millisi iyunun 5-də Dubaydan Çikaqoya gəlib və heyətin iki üzvü “əlavə yoxlama”dan keçirilib. CBP-nin məlumatına görə, onlardan biri ABŞ-a buraxılıb, komandanın fotoqrafı isə “ABŞ qanunvericiliyinə uyğun olaraq məxfi məlumat əsasında” ölkəyə buraxılmayıb.

Al Jazeera” ərəb mediasına istinadən yazır ki, 30 yaşlı futbolçu komandanın İspaniyadan ABŞ-a gəlişindən sonra uzun müddət sorğu-sual edilib və yalnız daha sonra İraq nümayəndə heyətinə qoşula bilib. Nəşr qeyd edib ki, hadisə ilə bağlı İraq Futbol Assosiasiyasından hələlik rəsmi açıqlama verilməyib.

İspaniyanın “AS” nəşri isə ərəb mediasında hadisəyə sərt reaksiya verildiyini və Hüseynlə “terrorçu kimi davranıldığı” barədə ifadələrin işlədildiyini yazıb. Eyni mənbəyə görə, yoxlamanın ad oxşarlığı ilə bağlı mümkün qarışıqlıqdan qaynaqlanmış ola biləcəyi iddia edilir. Bu detal hələlik ABŞ rəsmi qurumları tərəfindən təsdiqlənməyib.

Aymen Hüseyn İraq millisinin əsas futbolçularından biri hesab olunur. O, komandanın dünya çempionatına vəsiqə qazanmasında mühüm rol oynayıb. “Reuters”in məlumatına görə, İraq millisi DÇ-2026-da “G” qrupunda Fransa, SeneqalNorveç yığmaları ilə mübarizə aparacaq. Bu, İraq millisinin 40 ildən sonra dünya çempionatına ilk qayıdışıdır.

“AS” həmçinin yazır ki, Hüseynin ailəsi keçmişdə terrorla bağlı ağır hadisələr yaşayıb: 2008-ci ildə onun hərbçi olan atası “Əl-Qaidə” hücumu nəticəsində öldürülüb, 2014-cü ildə isə qardaşı İŞİD tərəfindən qaçırılıb və onun taleyi hələ də məlum deyil.