İran müharibə tam başa çatmayana və Tehranın irəli sürdüyü şərtlər yerinə yetirilməyənə qədər Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərini zərbələr nəticəsində zədələnmiş nüvə obyektlərinə buraxmayacağını açıqlayıb.
MSNews.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi noyabrın 15-də televiziya müsahibəsində bildirib. Məlumatı “AFP” agentliyi yayıb.
Qəribabadinin sözlərinə görə, yoxlamaların bərpası üçün müharibə birdəfəlik dayandırılmalı, İranın təhlükəsizlik narahatlıqları aradan qaldırılmalı və qarşı tərəf öz öhdəliklərini yerinə yetirməlidir.
İran rəsmisi BAEA-nın zədələnmiş obyektlərə giriş tələbinə də etiraz edərək yoxlamaların ABŞ silahlarının effektivliyini qiymətləndirmək məqsədi daşıya biləcəyini iddia edib.
“Associated Press” agentliyinin məlumatına görə, BAEA müfəttişləri sentyabrın 12–15-də Buşehr Atom Elektrik Stansiyasında yoxlama aparıblar. Lakin Natanz, Fordo və İsfahandakı zərbələrə məruz qalmış nüvə obyektlərinə giriş hələ də təmin edilməyib.
BAEA isə İranın nüvə materialları və obyektləri barədə məlumat çatışmazlığının ciddi narahatlıq doğurduğunu bildirərək yoxlamaların təcili bərpasına çağırıb.
Bundan əlavə, Qəribabadi ABŞ-nin yeni hücum ehtimalı ilə bağlı xəbərdarlıq edərək İranın zərbəni gözləmədən qabaqlayıcı hərəkətə keçə biləcəyini istisna etməyib.