İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ hərbi obyektinə 6 pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirdiyini açıqlayıb. Bəhreyn isə İranın bir neçə hava hücumunun qarşısının alındığını bildirib.
MSNews.az xəbər verir ki, SEPAH-ın noyabrın 15-də yaydığı bəyanata əsasən, Əl-Riffa helikopter bazasında yerləşən ABŞ hava hücumundan müdafiə sisteminin radarı hədəfə alınıb.
Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
SEPAH əməliyyatın ABŞ-nin hərbi fəaliyyətinə cavab olaraq həyata keçirildiyini və PUA-ların hədəfə çatdığını iddia edib. Lakin radarın vurulması və mümkün dağıntılar barədə müstəqil təsdiq yoxdur.
“Reuters” agentliyinin məlumatına görə, Bəhreynin Müdafiə Qüvvələri ölkəyə yönələn bir neçə İran hava hücumunun qarşısının alındığını açıqlayıb.
Bəhreynin Daxili İşlər Nazirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq sakinləri sakit olmağa və ən yaxın təhlükəsiz yerlərə sığınmağa çağırıb. Ölkənin Xarici İşlər Nazirliyi isə İranın hərəkətlərini pisləyib.
ABŞ hərbçiləri noyabrın 13-də Bəhreyn istiqamətində hərəkət edən iki İran PUA-sının zərərsizləşdirildiyini açıqlamışdılar. Həmin hadisədə xəsarət alan və dağıntı olmadığı bildirilmişdi.
Noyabrın 15-dəki hücum zamanı ABŞ radar sisteminin zədələnib-zədələnmədiyi isə hələlik təsdiqlənməyib.
Hadisə ABŞ və İran arasında hərbi gərginliyin yenidən artdığı, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin əsas mübahisə mövzularından biri olaraq qaldığı dövrə təsadüf edir.