İlon Mask: “2031-ci ilədək bir milyard insanabənzər robot ola bilər”

İlon Mask 2031-ci ilədək rəqəmsal intellektin bəşəriyyətin ümumi intellektini üstələyə, insanabənzər robotların sayının isə 100 milyondan bir milyarda çata biləcəyini proqnozlaşdırıb.

11

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask yaxın beş il ərzində dünyadakı insanabənzər robotların sayının ən azı 100 milyona, hətta bir milyarda çata biləcəyini proqnozlaşdırıb.

MSNews.az xəbər verir ki, Mask bu fikirləri mayın 18-də keçirilən “Forbes Innovators 250” tədbirində verdiyi müsahibə zamanı səsləndirib. O, beş ildən sonra, yəni təxminən 2031-ci ildə rəqəmsal intellektin bütün insanların məcmu intellektini üstələyəcəyini düşündüyünü bildirib.

Mask həmin dövrədək dünyada azı 100 milyon insanabənzər robotun ola biləcəyini, daha sürətli inkişaf ssenarisində isə bu rəqəmin bir milyarda çata biləcəyini deyib.

Sahibkar robotlaşma və süni intellektin məhsuldarlığı sürətlə artıracağını, nəticədə dünya iqtisadiyyatının təxminən beş-altı il ərzində indiki səviyyə ilə müqayisədə iki dəfə böyüyə biləcəyini proqnozlaşdırıb. Onun sözlərinə görə, beş-yeddi il ərzində iqtisadi istehsalın çox sürətlə artdığı “ikiqat böyümə dövrü” başlaya bilər.

Maskın proqnozlarının əsasını “Tesla”nın hazırladığı “Optimus” insanabənzər robot layihəsi təşkil edir. Şirkətin rəsmi sənədlərində ilk istehsal xəttinə hazırlıq görüldüyü, istehsala 2026-cı ilin sonunadək başlanmasının və gələcəkdə illik istehsal gücünün bir milyon robota çatdırılmasının planlaşdırıldığı bildirilir.