İlham Əliyev Sumqayıt Sənaye Parkında yeni karton və qutu fabrikinin açılışında iştirak etdi

Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-nin yeni istehsal müəssisəsinin açılışında iştirak edib, layihənin investisiya və istehsal imkanları təqdim olunub.

108

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

Müəssisənin fəaliyyəti barədə dövlət başçısına məlumat verən şirkətin rəhbəri Kamran Salmanlı bildirib ki, 2023-cü ildə sənaye parkının rezidenti statusu alan müəssisə Parkın təxminən 3 hektar ərazisində yaradılıb və Türkiyə ilə Çin texnologiyalarından istifadə etməklə ildə 55 milyon kvadratmetr karton və qutu tarası istehsal etmək gücünə malikdir.

Layihənin birinci mərhələsində karton və qutu istehsalı, ikinci mərhələsində isə karton istehsalı üçün tələb olunan yerli xammalın təkrar emalı nəzərdə tutulur, istehsal olunan məhsullar daxili bazarla yanaşı, ixrac üçün də yönəldiləcək.

Müəssisənin investisiya dəyəri 20 milyon manat təşkil edir, layihənin maliyyələşdirilməsi üçün Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2 milyon manat məbləğində güzəştli kredit ayrılıb və burada 64 daimi iş yeri yaradılıb.

Qeyd olunub ki, sənaye parkının rezidenti kimi müəssisə vergi və gömrük güzəştlərindən yararlanaraq təxminən 1,3 milyon manat dəyərində azadolma əldə edib.

Açılış zamanı sənaye zonalarında sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədilə rezidentlər üçün yaradılan hazır infrastruktur, uzunmüddətli vergi güzəştləri və idxal avadanlıqlarına tətbiq edilən azadolmaların ölkədə yerli istehsalın və ixrac potensialının genişlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.