Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.
MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində məlumat dərc olunub. Dövlət başçısı məktubunda Vladimir Putini və onun simasında bütün rusiyalıları dövlət bayramı — Rusiya Günü münasibətilə təbrik edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında münasibətlərin xalqları əsrlər boyu birləşdirən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslandığını bildirib. O, ikitərəfli iqtisadi-ticari əməkdaşlığın fəal inkişafını, regionlararası və mədəni-humanitar əlaqələrin genişlənməsini məmnunluqla qeyd edib.
Dövlət başçısı əmin olduğunu vurğulayıb ki, birgə səylər Azərbaycan-Rusiya münasibətlərinin, strateji tərəfdaşlıq və müttəfiqlik məcrasında çoxşaxəli əməkdaşlığın bundan sonra da inkişafına və möhkəmlənməsinə xidmət edəcək.
Prezident İlham Əliyev məktubun sonunda Vladimir Putinə möhkəm cansağlığı və uğurlar, Rusiya vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıb.