İlham Əliyev ABŞ Ticarət Palatasının iri biznes nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb. Görüşdə enerji, investisiya, süni intellekt, nəqliyyat və biznes əməkdaşlığı müzakirə olunub.

38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, eləcə də Apple”, Ericsson”,ExxonMobil”, “Meta”, “Visa”, “Baker Hughes”, “bp”, “Boeing Global”, “Honeywell”, “J.P.Morgan”, “Marriott”, “MastercardShell International”, “Motorola Solutions” və digər aparıcı şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.

Prezident İlham Əliyev qonaqları salamlayaraq bildirib ki, ABŞ–Azərbaycan münasibətləri hazırda yeni və ümidverici mərhələyə qədəm qoyub. Dövlət başçısı vurğulayıb ki, biznes, sərmayə, ticarət və strateji əməkdaşlıq sahələrində əlaqələrin genişləndirilməsi hər iki tərəfin marağındadır. Prezident qeyd edib ki, indiyədək iqtisadi əlaqələr mövcud potensiala tam uyğun səviyyəyə çatmayıb və bu səfər həmin boşluğun doldurulması baxımından mühüm əhəmiyyət daşıyır.

Kuş Çoksi çıxışında bildirib ki, nümayəndə heyətində 31 şirkəti təmsil edən 60 nəfər yer alır və bu, ABŞ biznes icmasının Azərbaycana artan marağının göstəricisidir. Onun sözlərinə görə, adətən iqtisadi əlaqələr siyasi münasibətləri qabaqlasa da, bu halda siyasi münasibətlərin inkişaf tempi iqtisadi əməkdaşlığı üstələyib. O, bunu Azərbaycan rəhbərliyinin apardığı məqsədyönlü siyasətin nəticəsi kimi dəyərləndirib.

Görüşdə Prezident İlham Əliyev enerji, nəqliyyat-logistika, rəqəmsal transformasiya və süni intellekt sahələrində Azərbaycanın strateji üstünlüklərindən danışıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan mövcud enerji ehtiyatları, inkişaf etmiş infrastruktur və əlverişli coğrafi mövqeyi sayəsində regional və qlobal miqyasda mühüm tərəfdaşa çevrilib. O bildirib ki, hazırda ölkədə təxminən 2 giqavat mövcud elektrik enerjisi potensialı var və 2032-ci ilə qədər Günəş və külək enerjisi hesabına əlavə 7–8 giqavat güc əldə olunacaq.

Prezident həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu vurğulayıb, ölkəmizin təbii qazı boru kəmərləri vasitəsilə 16 ölkəyə ixrac etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan enerji siyasətində etibarlı tərəfdaş kimi tanınır və bütün öhdəliklərini yerinə yetirir.

bp şirkətinin Amerika üzrə kommunikasiya və xarici əlaqələr üzrə baş vitse-prezidenti Meri Strit çıxış edərək Azərbaycanla bp arasında 30 ildən artıq davam edən tərəfdaşlığı yüksək qiymətləndirib, ölkədə mövcud olan müsbət investisiya mühitini və yerli kadr potensialını xüsusi vurğulayıb.

“Visa” şirkətinin MDB və Cənubi və Şərqi Avropa üzrə meneceri Kristina Doros isə bildirib ki, şirkət artıq 30 ildir Azərbaycan bank sektoru ilə əməkdaşlıq edir və ölkədə təhlükəsiz, inklüziv ödəniş sistemlərinin inkişafına töhfə verir.

Görüşün yekununda Prezident İlham Əliyev Azərbaycanda xarici sərmayələr üçün yaradılmış sabit və etibarlı mühitdən danışaraq qeyd edib ki, son 20 ildə ölkəyə 350 milyard dollara yaxın sərmayə cəlb olunub. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan heç vaxt toqquşma məkanı olmayacaq, əməkdaşlıq platforması kimi fəaliyyət göstərəcək və ABŞ şirkətləri ilə strateji tərəfdaşlıq yeni mərhələyə daxil olur.