1855-ci il martın 2-də (köhnə təqvimlə 18 fevral) Rusiya imperatoru I Nikolay Sankt-Peterburqdakı Qış sarayında 59 yaşında dünyasını dəyişdi. Rəsmi məlumatda onun ağır soyuqdəymədən öldüyü deyilsə də, dövrün sənədləri, mətbuatı və şahidlərin qeydləri tam fərqli mənzərə ortaya qoyur.
Sarayın yaydığı versiyaya görə, imperator parada nazik mundir geyinmiş və bu səbəblə ağciyərlərini soyuqladığından xəstəliyi ağırlaşmışdı. Lakin həm Peterburqda, həm də Avropa mətbuatında yayılan şayiələr daha kəskin idi — imperatorun ya zəhərləndiyi, ya da Krım müharibəsindəki biabırçı məğlubiyyətə görə özünü zəhərləyərək intihar etdiyi iddia olunurdu.
Gersenin yaydığı şayiələr və “ağ ciyərdə Yevpatoriya” kinayəsi
I Nikolayın qatı tənqidçisi olan, Londonda yaşayan Aleksandr Gersen imperatorun ölümünün zəhərlənmə və ya intihar olduğunu açıq şəkildə yazır, rəsmi diaqnozu isə kinayə ilə “ağ ciyərdə Yevpatoriya” adlandırırdı. Bu ifadə, 17 fevral 1855-ci ildə rus ordusunun Yevpatoriyada ağır məğlubiyyət almasına işarə idi.
Dobrolyubovun gündəliyində gizli məqamlar
Publisist Nikolay Dobrolyubov həmin günlərin şayiələrini öz gündəliyində belə qeyd edir: imperatorun nəşi balzamlaşdırılarkən onun qanında zəhər izləri aşkarlandığı iddia edilirdi. Peterburqda isə Yevpatoriya məğlubiyyətinin yaratdığı şok sovuşmamışdı və bu məğlubiyyəti həzm etməyən çarın öz həyatına qəsd etdiyi fikri geniş yayılmışdı.
Sarayın xəbərləri – ölüm gizlədilirdi?
Maraqlıdır ki, imperator öldükdən sonra belə mətbuata yalan məlumatlar verilirdi.
1855-ci il martın 2-də çap olunan “Бюллетень №1” xəbər verirdi ki, “Əlahəzrət xəstələnib və qızdırması var”. Halbuki həmin gün Nikolay artıq vəfat etmişdi.
“Бюллетень №2” onun xəstəliyinin ağırlaşdığını, №3 daha da pisləşdiyini, №4 iflic keçirdiyini yazırdı. Yalnız martın 5-də verilən məlumatda imperatorun öldüyü etiraf olunurdu.
Tarixçinin araşdırması: Diaqnoz sənədləri yoxdur
Tarixçi İqor Zimin bildirir ki, həmin dövrün heç bir arxivində I Nikolayın rəsmi diaqnozla öldüyünü təsdiqləyən sənəd və tibbi arayış tapılmayıb. Bu isə zəhərlənmə və ya intihar versiyasının daha ağır basmasına səbəb olur. Bununla belə, araşdırmaçılar imperatorun çox dindar olduğunu və intihara əl atmayacağını da vurğulayırlar.
Hələ də cavabsız suallar
Aradan 170 ildən çox vaxt keçməsinə baxmayaraq, I Nikolayın ölümü Rusiya tarixinin ən böyük sirləri arasında qalır. Zəhərlənməmi, intiharmı, yoxsa saxtalaşdırılmış tibbi rəy? Suallar isə hələ də açıq qalır.