İraq ordusu maksimum döyüş hazırlığı vəziyyətinə gətirildi

İraq regional gərginlik fonunda bütün hərbi bazalarda maksimum hazırlıq elan edib. Hökumət hava hücumundan müdafiə və radar sistemlərini gücləndirir.

11

İraq rəhbərliyi regional gərginliyin artması fonunda ölkənin bütün hərbi düşərgə və bazalarında xəbərdarlıq və döyüş hazırlığı səviyyəsinin maksimum həddə qaldırılması barədə göstəriş verib.

MSNews.az xəbər verir ki, qərarı İraqın Baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Əli əl-Zeydi qəbul edib. Ali Baş Komandanın sözçüsü Sabah ən-Numan “İraq Xəbər Agentliyi”nə bildirib ki, göstəriş bütün hərbi bazaları, qərargahları və Xalq Səfərbərlik Qüvvələrinə aid rəsmi obyektləri əhatə edir.

Sözçünün sözlərinə görə, görülən tədbirlər mümkün hücumların, təxribatların və hərbi obyektlərə sızma cəhdlərinin qarşısının alınmasına yönəlib. Komandanlığa qabaqlayıcı kəşfiyyat planlarını yeniləmək, həyati əhəmiyyətli obyektlərin mühafizəsini gücləndirmək və bölmələrin yerləşdirilməsini təhlükəsizlik vəziyyətinə uyğunlaşdırmaq tapşırılıb.

İraq hökuməti müasir radar, erkən xəbərdarlıq və hava hücumundan müdafiə sistemlərinin alınması prosesinin sürətləndirilməsini də tələb edib. Hazırda mövcud müdafiə vasitələrinin hərbi qərargahlar və strateji obyektlər ətrafında yerləşdirilməsinin gücləndirildiyi bildirilir.

Sabah ən-Numan vurğulayıb ki, İraqın daxili təhlükəsizliyinin qorunması yalnız dövlətin hərbi və təhlükəsizlik qurumlarının səlahiyyətindədir. O, silahların dövlətin nəzarətində saxlanılmasının və ali komandanlığın göstərişlərindən kənar hərbi hərəkətlərə yol verilməməsinin vacibliyini bildirib.

“Kurdistan24” yazır ki, İraq rəhbərliyi ölkə ərazisinin və hava məkanının xarici qüvvələr tərəfindən qarşılıqlı hücumlar üçün istifadə edilməsindən narahatdır. Bağdad İraqın regional qarşıdurmanın tərəfinə çevrilməyəcəyini və heç bir ölkəyə hücum üçün başlanğıc nöqtəsi kimi istifadə olunmasına icazə verməyəcəyini bəyan edib.

Qərar ABŞ və Səudiyyə Ərəbistanının İraqda İranla əlaqəli silahlı qrupların obyektlərinə zərbələr endirməsindən sonra qəbul edilib. “Associated Press” həmin hücumların İraq hökumətini çətin vəziyyətə saldığını və qarşıdurmanın ölkə ərazisinə yayılması təhlükəsini artırdığını bildirir.

Bağdad paralel olaraq hava məkanının pozulması hallarını beynəlxalq qurumlar qarşısında sənədləşdirdiyini və regional tərəflərlə diplomatik təmaslar apardığını açıqlayıb. Hökumət görülən tədbirlərin hücum hazırlığı deyil, İraqın suverenliyini və daxili sabitliyini qorumaq məqsədi daşıdığını vurğulayır.