ABŞ mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər səbəbilə başlayan kütləvi etirazlar zamanı həyatını itirənlərin sayının 5002-yə yüksəldiyini açıqlayıb.
HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində indiyədək 26752 nəfər saxlanılıb, ölənlər arasında 207 təhlükəsizlik əməkdaşı da var. Agentlik bir gün əvvəl yaydığı hesabatda ölənlərin sayının 4902 olduğunu bildirmişdi.
Xatırladaq ki, etirazlar 28 dekabr 2025-ci ildə yerli valyutanın sürətlə dəyər itirməsi və iqtisadi çətinliklərin dərinləşməsi fonunda Tehranın Böyük Bazarında tacirlərin öncülüyü ilə başlamış, qısa müddətdə ölkə miqyasına yayılmışdı.
Yanvarın 8-də paytaxtda etirazların şiddətlənməsindən sonra hakimiyyət internetə çıxışı məhdudlaşdırmışdı. İran Şəhid və Qazilər Fondu yanında Məhkəmə-Tibbi Ekspertiza qurumu bir gün əvvəl verdiyi açıqlamada etirazlar zamanı 3117 nəfərin həlak olduğunu, onlardan 2427-nin silahlı qruplar tərəfindən öldürülən təhlükəsizlik əməkdaşları və mülki şəxslər olduğunu bildirmiş, 690 nəfər barədə isə məlumat verilmədiyini açıqlamışdı.
İranda etirazların intensivliyi azalsa da, Virciniya ştatı mərkəzli HRANA əlavə halları təsdiqlədiyini bildirərək ölən və saxlanılanların sayı ilə bağlı məlumatları yeniləməkdə davam edir.