Hörmüzün təmizlənməsi 50 günədək çəkə bilər

"Reuters"-in məlumatına görə, Hörmüz boğazında minaların təmizlənməsi 40–50 günədək davam edə bilər. İran XİN sözçüsü Esmaeil Bəqai isə ABŞ-ın İsrailin razılaşmaya əməl etməsinə zəmanət verməli olduğunu bildirib.

13

Hörmüz boğazında gəmiçiliyin tam bərpası gözləniləndən daha uzun çəkə bilər.

MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, dəniz təhlükəsizliyi üzrə ekspertlər boğazda minaların təmizlənməsi prosesinin 40–50 günədək davam edə biləcəyini bildirirlər.

Ekspertlərin sözlərinə görə, gəmiçilik operatorları, sığorta şirkətləri və neft korporasiyaları yalnız minalardan təmizləmə işləri başa çatdıqdan və təhlükəsiz keçid marşrutları təsdiqləndikdən sonra daşımaları tam şəkildə bərpa etməyə hazır olacaqlar.

Məlumata əsasən, boğazın təmizlənməsi üçün klassik mina tral gəmiləri ilə yanaşı, müasir sualtı dronlardan da istifadə olunması nəzərdə tutulur. Bu prosesin uzanması isə dünya bazarına neft və mayeləşdirilmiş təbii qaz daşımalarında gecikmələrə səbəb ola bilər.

Reuters” yazır ki, Asiya və Avropa gəmiçilik şirkətləri ABŞ-İran razılaşmasından sonra belə Hörmüz boğazından keçidə ehtiyatla yanaşırlar. Şirkətlər təhlükəsizlik tam təsdiqlənmədən normal hərəkətin bərpa olunmayacağını bildirirlər.

Bu fonda İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmaeil Bəqai razılaşmanın icrası ilə bağlı açıqlama verib. “Reuters”in məlumatına görə, Bəqai bildirib ki, Livanın ərazi bütövlüyü və milli suverenliyi razılaşma mətnində nəzərə alınıb.

Bəqainin sözlərinə görə, razılaşmanın pozulması, o cümlədən İsrail tərəfindən ona əməl edilməməsi İran tərəfinin də icranı dayandırmasına səbəb ola bilər. O, ABŞ-ın İsrailin razılaşmaya riayət etdiyinə əmin olmalı olduğunu vurğulayıb.

İran XİN rəsmisi həmçinin Cenevrədə gözlənilən görüşdən əvvəl regionun bəzi ölkələrinə səfərlər ediləcəyini bildirib. Onun sözlərinə görə, razılaşmanın imzalanma qaydası və mexanizmi ilə bağlı yekun qərar yaxın vaxtlarda açıqlanacaq.

Bəqai ABŞ Prezidenti Donald Trumpın zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılması ilə bağlı fikirlərinə də sərt reaksiya verib. O bildirib ki, Vaşinqton bu yanaşmanı daha əvvəl sınaqdan keçirib və nəticəsini görüb.

Hörmüz boğazı qlobal enerji ticarəti üçün əsas keçidlərdən biri hesab olunur. Boğazda təhlükəsizliyin tam təmin olunmaması neft bazarlarında qeyri-müəyyənliyi davam etdirə bilər.