Hörmüz boğazında gəmiçilik hərəkəti kəskin şəkildə zəifləyib və “Bloomberg”-in gəmi izləmə məlumatlarına əsaslanan xəbərinə görə, bazar günü London vaxtı ilə günün ilk yarısına qədər boğazdan heç bir keçid qeydə alınmayıb. Agentlik bunu regionda gərginliyin yenidən artması ilə əlaqələndirir.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Araqçi bir gün əvvəl boğazın kommersiya gəmiləri üçün açıq olduğunu bildirsə də, şənbə günü ən azı 13 neft tankeri açıq dənizə çıxmaq cəhdini dayandıraraq yenidən Fars körfəzinə qayıdıb. “Bloomberg”-in əvvəlki materialında da qeyd olunurdu ki, keçid qısa müddətə bərpa olunsa da, sonradan yenidən çökmə baş verib və çoxsaylı gəmilər “U” dönüşü edib.
İran tərəfi bundan əvvəl Hörmüzün “tam açıq” olduğunu açıqlamışdı. Lakin daha sonra yayılan məlumatlar göstərdi ki, Tehran ABŞ-ın İran limanlarına qarşı dəniz blokadasını ləğv etməməsini əsas gətirərək keçidi yenidən məhdudlaşdırıb. Bu fonda ABŞ donanmasının İran bayraqlı bir yük gəmisini ələ keçirməsi də böhranı daha da dərinləşdirib.
Hörmüz boğazı qlobal enerji bazarı üçün kritik marşrutdur. Bu səbəbdən xam neft və mayeləşdirilmiş təbii qaz daşımalarının burada dayanması enerji böhranı riskini artırır.