Hindistan hökuməti ölkənin ən böyük korporasiyalarından biri olan “Reliance Industries” və onun tərəfdaşı BP-dən dənizdə yerləşən qaz yataqlarında planlaşdırılandan az hasilat aparıldığı iddiası ilə 30 milyard dollardan çox kompensasiya tələb edir. Bu barədə məsələ ilə tanış olan üç mənbə “Reuters“-ə bildirib.
Mənbələrin sözlərinə görə, Krişna-Qodavari hövzəsindəki D6 blokunda yerləşən D1 və D3 dərin dəniz qaz yataqları ilə bağlı mübahisəyə dair arbitraj prosesi 2016-cı ildən bəri Hindistanda davam edir. İş üzrə yekun arqumentlər 7 noyabrda dinlənilib.
Üç üzvdən ibarət arbitraj tribunının 2026-cı ilin ortalarında qərarını açıqlayacağı gözlənilir. Mənbələr bildirir ki, bu qərardan sonra tərəflər onu Hindistan məhkəmələrində mübahisələndirə bilərlər.
“Reuters” bu işi və Hindistan hökumətinin 30 milyard dollarlıq iddiasını ilk dəfə ictimaiyyətə açıqlayır.
Hindistanın ilk iri dərin dəniz qaz layihəsi olan D1 və D3 yataqları ilkin mərhələdə ölkənin enerji müstəqilliyini gücləndirəcək əsas layihə kimi qiymətləndirilirdi. Lakin rəsmi açıqlamalara əsasən, layihə sonradan suyun yatağa dolması, lay təzyiqinin azalması, həmçinin xərclərin geri qaytarılması ilə bağlı hökumətlə yaranan mübahisələr səbəbindən ciddi çətinliklərlə üzləşib və ilkin hasilat gözləntilərini doğrultmayıb.
Hindistanın Neft Nazirliyi 2012-ci ildə parlamentə təqdim etdiyi yazılı açıqlamada bildirib ki, “Reliance” işlərə başlamazdan əvvəl D1 və D3 yataqlarında bərpaolunan ehtiyatları 10,3 trilyon kub fut olaraq qiymətləndirib, daha sonra isə bu rəqəm 3,1 trilyon kub futa endirilib.
“Reliance Industries”-in sözçüsü bildirib ki, arbitraj prosesi məxfidir və şirkət məsələ ilə bağlı şərh verməyəcək. Londonda yerləşən BP şirkətinin nümayəndəsi də açıqlama verməkdən imtina edib. Hindistanın neft, ədliyyə və informasiya nazirlikləri, eləcə də baş nazirin ofisi “Reuters”-in sorğularına cavab verməyib.
Benqal körfəzində, Andhra-Pradeş ştatı sahillərində yerləşən D6 bloku 2000-ci ildə Hindistan hökuməti tərəfindən milyarder Mukeş Ambaninin nəzarətində olan “Reliance” şirkətinə istehsalın bölüşdürülməsi müqaviləsi əsasında verilib.
Mənbələrin bildirdiyinə görə, 30 milyard dollarlıq iddia Hindistan hökumətinin indiyədək hər hansı bir korporasiyaya qarşı irəli sürdüyü ən böyük maliyyə tələbidir. Hökumət iddia edir ki, şirkətlərin qeyri-düzgün idarəçiliyi nəticəsində D1 və D3 yataqlarındakı ehtiyatların böyük hissəsi itirilib.
2011-ci ildə “Reliance” Hindistanda operatoru olduğu 21 neft-qaz istehsalı müqaviləsi üzrə aktivlərdə, o cümlədən KG-D6 blokunda 30% payı BP-yə 7,2 milyard dollara satıb.
Mübahisə istehsalın bölüşdürülməsi müqaviləsinin şərtlərinə əsasən, qarşılıqlı razılaşdırılmış arbitraj tribunalında araşdırılır.
İki mənbənin sözlərinə görə, hökumət tribunala bildirib ki, “Reliance” D1 və D3 yataqlarında təxminən 10 trilyon kub fut qaz ehtiyatı proqnozlaşdırsa da, bunun cəmi təxminən 20 faizini hasil edib. Hökumət bu fərqin maliyyə dəyərinin “Reliance” və BP tərəfindən ödənilməsini tələb edir.
Şirkətlər isə arbitraj dinləmələrində hökumətə heç bir borclarının olmadığını müdafiə ediblər.
“Reliance” 2020-ci ilin fevralında yaydığı açıqlamada D1 və D3 yataqlarında hasilatın dayandırıldığını və bu yataqları əhatə edən blok üzrə ümumi istehsalın 3 trilyon kub fut qaz ekvivalentinə çatdığını bildirib. Lakin bu həcmin nə qədərinin məhz D1 və D3 yataqlarına aid olduğu açıqlanmayıb.
Müqaviləyə əsasən, “Reliance” və tərəfdaşları qaz və neft satışından əldə olunan gəlirlər hesabına əvvəlcə xərcləri geri qaytara, daha sonra isə mənfəəti hökumətlə bölüşdürə bilərdi. Hökumətin mənfəət payı ilk ildə 10% təşkil edib və xərclər geri qaytarıldıqdan sonra bu pay artmalı idi.
Mənbələrin sözlərinə görə, hökumət arbitrajda iddiasını onunla əsaslandırıb ki, müqaviləyə görə, aşkar edilən qazın sahibi dövlətdir və səhv idarəetmə ehtiyatların itirilməsinə gətirib çıxarıb.
Hökumət həmçinin “Reliance”-ı “həddindən artıq aqressiv” hasilat üsulları tətbiq etməkdə ittiham edib. Bildirilir ki, şirkət ilkin planlaşdırılan 31 quyu əvəzinə cəmi 18 quyudan istifadə edib və bu, kifayət qədər infrastruktur olmadan layın zədələnməsinə səbəb olub.