Suriya ordusu ilə PKK/YPG-nin Hələbdəki qarşıdurmaları ikinci gün də davam edir. Terror təşkilatı səhər saatlarında şəhərin Süryan, Əşrəfiyyə və Şeyx Maqsud məhəllələrində sivil əraziləri top atəşinə tutub, aralıqlarla ağır silah səsləri eşidilib.
Suriya ordusu isə bu hücumlara qarşı cavab atəşi açıb və PKK/YPG-yə aid bütün mövqeləri qanuni hədəf elan edib. Sivil müdafiə qüvvələri evlərində qalan ailələri təhlükəsiz bölgələrə təxliyə etməyə başlayıb, təxliyə olunanlar müvəqqəti sığınacaqlara yerləşdirilir. Ordu və rəsmi mənbələr bildirir ki, bölgədə iki humanitar təhlükəsiz keçid koridoru açılıb və sivil əhalidən PKK/YPG mövqelərindən uzaq durmaları tələb olunur. 6 yanvar tarixində başlanan hücumlarda 1 hərbçi və 5 dinc sakin ölüb, 31 nəfər yaralanıb, şəhər mərkəzində məktəb və universitetlərdə təhsil dayandırılıb, Hələb Beynəlxalq Hava Limanında uçuşlar təxirə salınıb. Eyni gün terrorçular Süryan məhəlləsində məktəb və xəstəxanaya hücum təşkil etmişdi.