Gürcüstanın təhlükəsizlik xidmətinin rəhbəri istefa verdi

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Gela (Geka) Geladze vəzifəsindən istefa verib. Baş nazir İrakli Kobaxidze onun daxili işlər nazirinin müavini olacağını, xidmətə isə Tamaz Boraşvilinin namizəd göstərildiyini açıqlayıb.

104

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Gela (Geka) Geladze sentyabrın 14-də vəzifəsindən istefa verdiyini açıqlayıb. Aprelin sonunda bu vəzifəyə seçilən Geladze fəaliyyətini başqa dövlət qurumunda davam etdirəcəyini bildirib.

MSNews.az xəbər verir ki, Geladze qərarını açıqlayarkən bunun siyasi komanda ilə məsləhətləşmələrdən sonra verildiyini qeyd edib. “Interpressnews” onun bəyanatından sitat gətirib:

“Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsindən ayrılmaq qərarına gəldim. Siyasi komanda ilə məsləhətləşmələrin nəticəsində fəaliyyətimi başqa bir dövlət qurumunda davam etdirəcəyəm.”

Geladze Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına təşəkkür edib, həmçinin hakim siyasi komandanın fəxri sədri Bidzina İvanişviliyə və Baş nazir İrakli Kobaxidzeyə ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Gela Geladze bu vəzifəyə cəmi bir neçə ay əvvəl gəlmişdi. Gürcüstan Parlamentinin rəsmi məlumatına görə, o, 28 aprel 2026-cı ildə 85 lehinə və 12 əleyhinə səslə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri seçilmişdi. Qanunvericiliyə əsasən, xidmət rəhbəri altı il müddətinə seçilsə də, Geladze təxminən dörd ay yarımdan sonra postunu tərk edib. O, bundan əvvəl Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışıb.

İstefadan bir neçə saat sonra Geladzenin yeni vəzifəsi də açıqlanıb. Baş nazir İrakli Kobaxidze onun daxili işlər nazirinin müavini təyin ediləcəyini bildirib. “Azadlıq Radiosu” Kobaxidzeyə istinadən yazır ki, Geladzenin istefa təşəbbüsü özündən gəlib və onun qərarının şəxsi səbəblərlə bağlı olduğu bildirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəhbər namizədi də artıq müəyyənləşdirilib. Kobaxidze xidmət rəhbərinin müavini Tamaz Boraşvilinin namizədliyini parlamentə təqdim etdiyini açıqlayıb. “Gürcüstan İctimai Yayımı” bildirir ki, Boraşvili hüquq-mühafizə sistemində 20 ildən artıq fəaliyyət göstərib və uzun müddət əks-kəşfiyyat strukturlarında çalışıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.