Gürcüstanda hakim “Gürcü Arzusu” partiyası 1 aprel tarixindən etibarən M1 kateqoriyalı, istehsal tarixi 6 ildən artıq olan avtomobillərin idxalı və qeydiyyatına qadağa tətbiq etməyi planlaşdırır. Qərar ölkənin avtomobil bazarına və region üzrə reeksporat fəaliyyətinə ciddi təsir göstərə bilər.
“Caucasus Auto Import” şirkətinin satış şöbəsinin rəhbəri Aleksandre Vekuanın sözlərinə görə, bu addım xüsusilə dilerlər üçün ciddi risklər yaradır. Onun fikrincə, region bazarlarında 2014–2015-ci il istehsalı olan, münasib qiymətli avtomobillərə tələbat hələ də yüksək olaraq qalır. Yeni qaydalar səbəbindən bu avtomobillərin Gürcüstan üzərindən ixracı çətinləşəcək və xarici bazarlarda satış daha riskli olacaq.
Ekspertlər hesab edir ki, alternativ marşrutların – xüsusilə Qazaxıstan və Azərbaycan istiqamətində birbaşa idxal kanallarının – güclənməsi Gürcüstanın regionda avtomobil habı kimi rolunu zəiflədə bilər. Əgər alıcılar daha sərfəli və az məhdudiyyətli marşrutlara üstünlük versələr, bu, ölkənin tranzit və reeksporat mərkəzi kimi mövqeyini sual altına qoya bilər.
Qeyd edək ki, M1 kateqoriyası əsasən minik avtomobillərini əhatə edir. Yeni qərarın qüvvəyə minməsi ilə Gürcüstan bazarında təklif strukturu dəyişə, qiymətlərdə isə artım müşahidə oluna bilər.