Alimlər xərçəng terapiyası üçün 4 göbələk növünü araşdırıblar

Uzaq Şərq Federal Universiteti, Lozanna Universiteti və Rusiya EA alimləri Fomitopsis pinicola, Hericium erinaceus, Inonotus obliquus və Trametes versicolor göbələklərinin xərçəng əleyhinə potensialını araşdırıblar.

Rusiyanın Uzaq Şərq Federal Universiteti, Lozanna Universiteti və Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin alimləri bəzi göbələk növlərinin xərçəng əleyhinə potensialını araşdırıblar. Tədqiqatçılar Asiya və Uzaq Şərq xalq təbabətində istifadə olunan Fomitopsis pinicola, Hericium erinaceus, Inonotus obliquusTrametes versicolor növlərinin tərkibində gələcəkdə daha hədəfli və az toksik dərmanların hazırlanması üçün maraq doğuran bioaktiv maddələr olduğunu bildiriblər. Araşdırmanın nəticələri “Oncotarget” jurnalında təqdim olunub.

“EurekAlert”-in məlumatına görə, alimlər bu göbələklərin tərkibində polifenollar, polisaxaridlər, qlükanlar, terpenoidlər, steroidlər, serebrozidlər və zülallar kimi müxtəlif bioaktiv birləşmələrin olduğunu qeyd ediblər. Tədqiqatda bu maddələrin sarkoma, leykoz, düz bağırsaq və yoğun bağırsaq xərçəngi, mədə və qaraciyər xərçəngi kimi bəzi şiş növləri üzrə perspektivli hədəflər yarada biləcəyi bildirilir.

Bununla belə, alimlər göbələklərin xərçəngin hazır müalicəsi kimi təqdim olunmasının doğru olmadığını vurğulayırlar. Tədqiqat müəlliflərindən Aleksandr Kaqanskiy qeyd edib ki, göbələklərlə bağlı xərçəng araşdırmalarının mühüm hissəsi onların xərçəng hüceyrələrinə toksik təsirini və şiş hüceyrələrinin inkişafını dayandırmaq qabiliyyətini öyrənib. Lakin problem ondadır ki, bəzi belə təsirlər sağlam hüceyrələr üçün də zərərli ola bilər. Buna görə əsas məqsəd yalnız şiş hüceyrələrinə yönələn, sağlam toxumalara minimum zərər verən birləşmələri müəyyənləşdirməkdir.

Tədqiqatçılar bildirirlər ki, funqoterapiyaya — yəni göbələklərlə müalicə istiqamətinə maraq artır, lakin göbələk növlərinin böyük hissəsi hələ tam öyrənilməyib. “EurekAlert”-in yaydığı elmi açıqlamada qeyd olunur ki, təxminən 90 faiz göbələk növü antibiotik və antitumor aktivlik baxımından analiz edilməyib. Bu səbəbdən mütəxəssislər mövzunu xərçəng müalicəsi üçün hazır resept kimi yox, onkologiya və mikologiyanın kəsişməsində aparılan perspektivli elmi istiqamət kimi qiymətləndirirlər.

Son illərdə oxşar istiqamətdə yeni araşdırmalar da aparılır. 2024-cü ildə TASS-ın məlumatına görə, Ural və Kazan federal universitetlərinin alimləri bəzi trutovik göbələklərinin onkoloji xəstəliklərin kompleks terapiyasında qoruyucu vasitə kimi istifadə potensialını öyrəniblər. Bu araşdırmalar hələ əsasən eksperimental mərhələdədir və insanlarda klinik tətbiq üçün əlavə tədqiqatlara ehtiyac qalır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.