“GəncVİZYON” ideyatonunun birinci mərhələsi uğurla başa çatıb

Azərbaycan Gəncləri Gününə həsr olunan “GəncVİZYON” ideyatonunun birinci mərhələsi uğurla yekunlaşıb. 240 gəncin iştirakı ilə 40 komanda layihə ideyalarını təqdim edib.

17

Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncVİZYON” ideyatonunun birinci mərhələsi uğurla yekunlaşıb. Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı və “Nar” şirkətinin tərəfdaşlığı ilə keçirilən ideyaton gənclərin gələcəyə yönəlik problemlərə innovativ baxışını üzə çıxarmağı hədəfləyib.

Tədbir çərçivəsində gənclərin analitik düşüncə bacarıqları, sosial məsuliyyət anlayışı və strateji yanaşmaları ön plana çıxarılıb. Ümumilikdə 400-dən çox müraciət arasından seçilmiş 240 gənc 40 komanda tərkibində mentorların dəstəyi ilə çalışaraq 5 əsas istiqamət üzrə layihə ideyaları hazırlayıb və təqdim edib.

İlkin mərhələdə mentorların istiqamətləndirməsi ilə formalaşdırılan ideyalar ekspertlər tərəfindən dəyərləndirilib. Qiymətləndirmə nəticəsində ən uğurlu 10 komanda ideyatonun növbəti mərhələsinə keçmək hüququ qazanıb.

Qeyd edək ki, “GəncVİZYON” ideyatonu gənclərin innovativ təşəbbüslərini dəstəkləməklə yanaşı, onların ölkənin sosial-iqtisadi inkişaf proseslərində fəal iştirakını təşviq etməyi qarşısına məqsəd qoyur.