“Gənclik öyrəndikcə güclənir, öyrətdikcə cəmiyyətə dəyər qatır” – MÜSAHİBƏ

“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclərin rolu və intellektual inkişafdan danışıb.

41

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova gənclərin cəmiyyətdə rolu, intellektual inkişafın əhəmiyyəti və rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə müsahibə verib.

Tükəzban Süleymanova bildirib ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü gənclərin dövlət və cəmiyyət həyatındakı roluna verilən yüksək dəyərin göstəricisidir. Onun sözlərinə görə, bu gün gənclərə olan inamı daha da artırır:

“2 Fevral mənim üçün gəncliyin potensialına verilən dəyərin, enerjinin və gələcəyə olan inamın simvoludur. Bu tarix bizə göstərir ki, gənclər sadəcə sabahın deyil, bu günün də əsas aparıcı qüvvəsidir”.

Sədr qeyd edib ki, müasir dövrdə gənclərin intellektual inkişafı cəmiyyətin ümumi inkişaf səviyyəsini müəyyən edən əsas amillərdəndir. “Düşünən, araşdıran, sual verən və bildiyini paylaşan gənclik sağlam cəmiyyətin təməlidir”, – deyə o vurğulayıb. Onun fikrincə, bilik yalnız əldə edildikdə deyil, paylaşıldıqda daha da dəyərli olur.

“Öyrədərək Öyrənirik” İctimai Birliyinin fəaliyyətindən danışan Tükəzban Süleymanova bildirib ki, təşkilatın əsas məqsədi gənclər arasında intellektual bacarıqları inkişaf etdirməklə yanaşı, paylaşım mədəniyyətini formalaşdırmaqdır. “Biz inanırıq ki, gənc bildiyini başqasına ötürdükcə həm özü inkişaf edir, həm də ətrafına fayda verir. Məhz, bu yanaşma təşkilatımızın fəlsəfəsinin əsasını təşkil edir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, təşkilat tərəfindən müxtəlif maarifləndirici təlimlər, seminarlar, intellektual oyunlar və interaktiv görüşlər keçirilir. Bu fəaliyyətlər gənclərin analitik düşünmə qabiliyyətini, ünsiyyət bacarıqlarını və özünəinamını artırmağa yönəlib. “Məqsədimiz gəncləri passiv dinləyici yox, aktiv iştirakçı və təşəbbüskar kimi formalaşdırmaqdır”, – deyə sədr əlavə edib.

Müsahibənin sonunda Tükəzban Süleymanova 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gəncləri təbrik edib:

“Bütün gəncləri bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, biliklə silahlanan, bir-birini öyrədən və dəstəkləyən gənclik Azərbaycanın gələcəyini daha da güclü edəcək”.