Fransız kinosunun simvoluna çevrilmiş, XX əsrin ən təsirli aktrisalarından biri olan Bricit Bardo 91 yaşında dünyasını dəyişib. Bu barədə bazar günü onun adını daşıyan fond məlumat yayıb. Ölüm səbəbi hələlik açıqlanmayıb.
Bardo beynəlxalq şöhrətini 1956-cı ildə çəkilmiş “Və Tanrı Qadını Yaratdı” filmində ayaqyalın mambo rəqsi ilə qazanmışdı. Dağınıq saçları, sərbəst davranışı və güclü enerjisi ilə o, əsas axın kinosunda nadir rast gəlinən cinsi cazibəni təcəssüm etdirirdi. Həmin anla birlikdə qlobal miqyasda yeni bir kino ikonası doğuldu.
Cəmi 21 yaşında olarkən senzuranı şoka salan və tamaşaçıları heyran edən Bardo, həyat yoldaşı Roje Vadim tərəfindən çəkilən bu film vasitəsilə əvvəlki dövrlərin utancaq, klassik qadın obrazlarından kəskin şəkildə fərqləndi və 1950–60-cı illər fransız cəmiyyətinin simvollarından birinə çevrildi.
1934-cü il sentyabrın 28-də Parisdə dünyaya gələn Bricit Bardo varlı orta təbəqəyə mənsub ailədə böyüyüb. O, uşaqlığını “eynək taxan, seyrək saçlı, utancaq bir qız” kimi təsvir edirdi. Lakin 15 yaşında “Elle” jurnalının üz qabığında yer alması onun model və daha sonra kino karyerasının başlanğıcı oldu.
Bardo təkcə Fransada deyil, bütün dünyada mədəni fenomenə çevrildi. Bob Daylanın (Bob Dylan) hələ 15 yaşında ikən ona həsr etdiyi ilk mahnısını yazdığı, Endi Vorholun isə portretini çəkdiyi bildirilir. Onun ənənəvi gender rollarını sarsıdan obrazı Bardonu sadəcə seks simvolu deyil, həm də dəyişən sosial dəyərlərin rəmzinə çevirdi.
1959-cu ildə məşhur filosof və feminist Simone de Bovuar “Esquire” jurnalında yazdığı məqalədə Bardonu azadlığın təcəssümü kimi təqdim edərək qeyd edirdi:
“Bricit Bardo qalmaqal yaratmağa çalışmır. O, sadəcə öz istəklərinə uyğun yaşayır… Onun ən parlaq xüsusiyyəti – səmimiyyətidir.”
Bütün təsirinə baxmayaraq, Bardo məşhurluqdan əziyyət çəkirdi. O, dəfələrlə öz şöhrətini “həbsxana” adlandırmış, adi həyat sevinclərindən məhrum olduğunu demişdi. Dörd evlilik, saysız-hesabsız münasibətlər və depressiya ilə mübarizə onun şəxsi həyatının əsas cizgiləri idi.
26 yaşında olarkən intihara cəhd etdikdən sonra huşsuz vəziyyətdə tapılması geniş rezonans doğurmuşdu. Sonrakı illərdə də oxşar hadisələrlə bağlı söz-söhbətlər yayılmışdı.
Bardo aktyorluqla yanaşı, musiqi sahəsində də uğur qazandı. Serj Ginsburqla birgə ifa etdiyi məşhur “Je t’aime… moi non plus” mahnısı həm böyük populyarlıq, həm də qalmaqal yaratmışdı. 1960-cı illərin sonunda isə o, Fransa Respublikasının simvolu olan Mariannanın büstü üçün model seçilmişdi.
Bardo sonuncu – ümumilikdə 42-ci – filmini 1973-cü ildə çəkdi və kinonu “çürümüş dünya” adlandıraraq ictimai həyatdan uzaqlaşdı. O, Sen-Trope şəhərində məskunlaşaraq özünü tamamilə heyvanların müdafiəsinə həsr etdi.
1986-cı ildə Bricit Bardo Heyvanların Müdafiəsi Fondunu yaradaraq şəxsi əşyalarını satışa çıxardı və əldə olunan vəsaiti heyvan haqları uğrunda mübarizəyə yönəltdi. O, balina ovuna qarşı kampaniyalar aparan fəalları dəstəklədi və heyvanlara qarşı zorakılığa görə Fransa hakimiyyətini sərt tənqid etməkdən çəkinmədi.
“Gözəlliyimi və gəncliyimi insanlara verdim. İndi isə müdrikliyimi heyvanlara verəcəyəm,” – deyə o bildirmişdi.
Son illərdə Bardonun siyasi açıqlamaları ciddi tənqidlərə səbəb oldu. İmmiqrasiya, İslam və homoseksuallıqla bağlı sərt fikirləri onu bir neçə dəfə məhkəmə qarşısına çıxardı. 1997–2008-ci illər arasında Fransa məhkəmələri tərəfindən altı dəfə cərimələndi.
1992-ci ildə ifrat sağçı Milli Cəbhənin keçmiş müşaviri Bernar d’Ormal ilə evləndi və partiyanın liderləri Jan-Mari Le Pen və Marin Le Penə açıq dəstək verdi.
Buna baxmayaraq, Bricit Bardo moda, kino və pop-mədəniyyət sahəsində təsirini itirmədi. Onun saç düzümü və üslubu illərdir dövri olaraq yenidən populyarlıq qazanır, haqqında sənədli filmlər və albomlar çəkilir.
2025-ci ilin mayında verdiyi müsahibədə o, özünü seksual inqilabın simvolu saymadığını bildirmiş və belə demişdi:
“Feminizm mənlik deyil, mən kişiləri sevirəm.”