Corc və Amal Kluni ailəsi Fransa vətəndaşlığı aldı 

Corc və Amal Kluni ilə uşaqları Fransa hökumətinin xüsusi qərarı ilə Fransa vətəndaşlığı əldə edib. Ailə Provans bölgəsində yaşayır və yerli icmaya töhfə verir.

42

Məşhur Hollivud aktyoru Corc Kluni və hüquqşünas həyat yoldaşı Amal Kluni ilə onların səkkiz yaşlı əkiz uşaqları rəsmi olaraq Fransa vətəndaşı olublar.

Fransa Xarici İşlər Naziri Jan‑Noel Barro tərəfindən təqdim edilmiş xüsusi müraciətə əsasən, Fransa Daxili İşlər Nazirliyi ailənin vətəndaşlıq statusunu təsdiqləyib. Adətən vətəndaşlıq üçün uzun müddət yaşamaq və yüksək səviyyədə dil bilikləri tələb olunmasına baxmayaraq, bu şərtlər Kluni ailəsi üçün “Fransanın prestijinə verdikləri töhfə” əsas götürülərək yumşaldılıb.

Klunilər Provans bölgəsində yerləşən Brinyole qəsəbəsindəki Domen dü Kanadel malikanəsində yaşayırlar və yerli iqtisadiyyata üzüm bağları və digər investisiyalarla dəstək veriblər. Corc Kluni Fransada həyatlarını seçmələrinin əsas səbəbi kimi məhrəmiyyətin qorunmasını qeyd edib. O, xüsusilə uşaqlarının paparatsilərin diqqətindən uzaq şəkildə böyüməsini vacib sayır.

Fransa ictimaiyyətində bu qərar müsbət qarşılanmaqla yanaşı, miqrasiya qanunlarının sərtləşdiyi bir dövrdə belə “xüsusi yol”un istifadə olunması bəzi çevrələrdə tənqid mövzusu olub.